Professor Toğrul İsmayıl: "Ermənistandan fərqli olaraq Azərbaycan ABŞ-nin qurduğu tələyə düşmədi"

İki gün əvvəl Antoni Blinken və Nikol Paşinyan arasında telefon danışığı olub. Danışıq zamanı sülh prosesi, həmçinin ikitərəfli münasibətlər müzakirə edilib.

Xeber-ps.com-a məsələ ilə bağlı açıqlama verən Türkiyənin Sütçü İmam Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Toğrul İsmayıl ABŞ-nin öz maraqları üçün Ermənistandan proksi dövlət kimi istifadə etməyə çalışdığını bildirib:

"ABŞ-nin Cənubi Qafqazdakı ən böyük səfirliyi Ermənistanda yerləşir. Ermənistanın Rusiyanın strateji müttəfiqi olmasına, KTMT və Avrasiya İqtisadi İttifaqındakı üzvlüyünə baxmayaraq, Vaşinqton İrəvanı bölgədə zəif bənd kimi seçib və onun üzərindən burada öz nüfuz dairəsini genişləndirməyə, gücləndirməyə çalışır. Son proseslər və ABŞ Dövlət katibi Antoni Blinkenin Paşinyana telefon zəngi bunun göstəricisidir.

Lakin Ermənistandan fərqli olaraq NATO və Avropa Birliyinin üzvü olmayan, bitərəfliyini qoruyan Azərbaycan bu tələyə düşmədi. Sülhlə bağlı danışıqlara gəldikdə isə onu deyə bilərəm ki, bütün böyük dövlətlər bunu istəyir. Ancaq əsas məsələ sülh danışıqlarının hansı formada aparılması və sülh sazişinin necə hazırlanmasıdır. Bütün böyük dövlətlər prosesin onların hər an müdaxilə edə biləcəyi şəkildə aparılmasını istəyirlər. Yəni bu gün ABŞ-nin məqsədi Ermənistanı Rusiyanın nəzarətindən çıxarmaq və sülh müqaviləsi imzalanan zaman onun üzərindən öz ağırlığını ortaya qoymaqdır. Ancaq rəsmi Vaşinqton Bakının milli təhlükəsizlik maraqları təmin olunmadan heç bir formatın, həll variantının uzunömürlü olmayacağını bilməlidir. Bütün hallarda Ermənistan mütləq şəkildə qalib dövlət olan Azərbaycanın beynəlxalq hüquqa uyğun haqlı tələblərini yerinə yetirməlidir. Başqa yol yoxdur".

Söhrab İsmayıl

0.14405798912048