Bakı Bələdiyyə Teatrının veteran aktyoru, Əməkdar artist Rafiq İbrahimov vəfat edib.
Xeber-ps.com xəbər verir ki, bu barədə Bakı Bələdiyyə Teatrı məlumat yayıb.
R. İbrahimov 2 noyabr 1955-ci ildə anadan olub. Orta məktəb illərində Məmmədkamal Kazımovun rəhbərlik etdiyi Xalq Teatrına üzv olub. 1974-1978-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Bir müddət Tədris Teatrında, Sumqayıt Dövlət Dram Teatrında fəaliyyət göstərib, pedaqoji fəaliyyətlə məşğul olub, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığı fənnini tədris edib. Yaradıcılıq Fondunun "Sönməyən ulduzlar" teatrında da çalışan, dublyaj ilə məşğul olan aktyorun yaradıcılığının əsas hissəsi Bakı Bələdiyyə Teatrı ilə bağlıdır.
1994-cü ildən Bakı Bələdiyyə Teatrında fəal çalışan Rafiq İbrahimov bir-birindən maraqlı obrazlar yaradıb. Teatrın hazırladığı Nəriman Nərimanovun "Nadir şah" faciəsində Səlim xan, R. İçərişəhərlinin "Vətənə igidlər gərəkdir" pyesində Fikrət, S. Rəşidinin "Mənim Ərdəbilim" əsərində Həşim ağa, O. Altunbayın "Tomris"ində Bagudar, F. Məmmədovun "Anasının gül balası"nda Şahmar, A. Məmmədovun "Dəli Domrul"da Dədə Qorqud, N. Nərimanovun "Nadir şah"ında Səlimağa, N. Rəfibəyli'nin "Məhsəti"ndə Şah, Əmir Pəhləvanın "İnsan və İblis"də İblis, A. Babayevin "Oğul"unda Cani, C. Cabbarlının "Dönüş"ündə Zaman, C. Məmmədquluzadənin "Ölülər"ində Səlim ağa, N. Hikmətin "Damokl qılıncı"nda Arxitektor, İ. Kərimovun "Xəyanətin Müsibəti"ndə Ömər, A. Qurbaninin "Türk sancağı"nda Məşədi Heydər və digər tamaşalarda maraqlı rollara imza atıb.
R. İbrahimov eyni zamanda kinoda da müxtəlif səpgili obrazlar yaradıb. "Ağ atlı oğlan"da polis işçisi (1995, tammetrajlı bədii film), "Hökmdarın taleyi"ndə (2008, tammetrajlı bədii film), "Sonuncu dərviş"də raykom nümayəndəsi (2009, tammetrajlı bədii film), "Dələduzlar"da şikayətçi (2014, tammetrajlı bədii film) və digər filmlərdə oynadığı roller tamaşaçılar tərəfindən maraqla qarşılanıb.