"Qarabağ"ın hücumçusu dörd ölkədən gələn təkliflərdən İMTİNA ETDİ

Redon Cica "Qarabağ"ı başqa kluba dəyişməkdən imtina edib.

Sportinfo.az xəbər verir ki, albaniyalı hücumçu ən azı cari ilin sonunadək "köhlən atlar"ın düşərgəsində qalmaq niyyətindədir.

O, Türkiyə, Polşa, Kipr və Yunanıstdan aldığı təklifləri geri çevirib. Cica ona dəvət göndərən komandaların maliyyə şərtlərini məqbul saymayıb.

Bu transferə maraq göstərənlər 26 yaşlı forvarda 300 min avrodan aşağı məbləğ ödəməyə hazırdır, futbolçu isə göstərilən rəqəmdən daha çoxunu istəyib.

"Qarabağ" Redon Cicanı 2023-cü ilin yanvar ayında "Tirana"dan transfer edib. Ötən mövsüm meydana çıxdığı 37 rəsmi matçda yeddi qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.

Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsində Redonun xidmətindən istifadə etməyəcək. Baş məşqçi UEFA-ya göndərilən iştirak ərizəsinə onun adını salmayıb.

Buna səbəb Avropa futbol qurumunun qoyduğu limitdir. Belə ki, qitə futbol qurumu yalnız 23 oyunçunun siyahıda yer almasına icazə verir.

0.13316202163696