Tələbələrə yataqxana və nəqliyyat üçün də kredit veriləcək?

Təhsil Tələbə Krediti Fonduna (TTKF) məxsus elektron portalda 52 min ətrafında müraciət qeydə alınıb, 40 minə yaxın rəsmiləşmə həyata keçirilib.

Modern.az-ın məlumatına görə, bunu TTKF-nin İdarə heyətinin sədri vəzifəsini icra edən Bəhruz Əzimov deyib.

O qeyd edib ki, yeni müraciət dövrü açıq olduğundan bu rəqəm sürətlə dəyişir. Bu semestr üçün daxil olan 6000-ə yaxın müraciətdən 3000-dən çoxuna razılıq verilib. "Proses fevralın sonunadək davam edəcək. 10 mindən çox müraciət və 10 min ətrafında rəsmiləşmə olacağını gözləyirik. Hətta daha çox da ola bilər, çünki hər semestrdə müraciət sayında və rəsmiləşmədə artan dinamikanı müşahidə edirik", - deyə o, nazirliyin rəsmi qəzetinə müsahibəsində vurğulayıb.

Bəhruz Əzimovun sözlərinə görə, təhsil tələbə krediti dövlətin vətəndaşa qayğısının göstəricisidir:

"Fondun yaranmasının başlıca məqsədi əhalinin həssas qruplarının təhsilə çıxış imkanlarını asanlaşdırmaq, hər kəs üçün bərabər imkanlar yaratmaq, təhsilin əhatə dairəsini genişləndirmək, eyni zamanda təhsilin keyfiyyətinə təsir göstərməkdir. Fond uyğun şərtlərlə kredit verir. Kreditdən istifadə dövründə tələbə yaxşı oxuyarsa, çoxlu fayda əldə edir, bir çox güzəştlərdən istifadə etmək imkanı qazanır. Məsələn, tələbənin əldə etmiş olduğu kredit gələcəkdə, geri ödəmə zamanı faizsiz, eyni zamanda standart kredit götürən tələbə "əlaçı" oxuyaraq məbləğin 25 faizinin, sosial kredit alan isə 50 faizinin bağışlanmasına nail ola bilər. Bu şərt təhsil kreditindən yararlanan tələbəni daha yaxşı oxumağa həvəsləndirir. Nəticə etibarı ilə tələbəni özünün təhsil göstəricilərini yaxşılaşdırmağa həvəsləndirərək təhsilin də keyfiyyətinə təsir göstəririk".

O qeyd edib ki, tələbələrin dəstək ola biləcəyimiz yataqxana, nəqliyyat, yemək, təlimlər, dərslik kimi xərcləri ola bilər. Sədr əvəzinin sözlərinə görə, ilk müzakirələr yataqxana xərclərinə dəstək vermək məqsədi ilə aparılıb, bir sıra araşdırmalar, təhlillər olub.

"Bunun üçün nə qədər vəsaitin tələb olunması, kreditdən istifadə edəcək tələbələrin xüsusi çəkisi müəyyənləşdirilməlidir. Bununla bağlı yaxın olmasa da, gələcək planlarımız var", - deyə o qeyd edib.

0.095376014709473