Paşinyanın son mətbuat konfransında Rusiyaya doğru reveranslarına baxmayaraq, Ermənistan milli təhlükəsizlik şurasının katibi Armen Qriqoryan Rusiya əleyhinə Ukraynanın "Sülh formulu" onlayn konfransında iştirak edib, xarici işlər nazirinin müavini Kostanyan isə bəyan edib ki, Avropa İttifaqı ilə yaxınlaşmaq Ermənistan hökumətinin strateji qərarıdır və Ermənistanın gözləməyə vaxtı yoxdur. Hakim partiyanın deputatları isə bildirirlər ki, Rusiya Ermənistan dövlətçiliyinin əleyhinədir. Bu, hər şeydən əvvəl Ermənistanın Rusiyaya münasibətində riyakar siyasət yürütdüyünü və getdikcə bu münasibəti tam açıq şəkildə nümayiş etdirdiyini göstərir. Çünki Ermənistan müstəqil siyasət yürütmür, geosiyasi qütblərin maraqlarını təmin etməklə məşğuldur. Ermənistan belə qeyri-səmimi, avantüraya meyilli, asılı vəziyyətdə qaldıqca onunla və ümumilikdə regionda davamlı sülhün əldə edilməsi nə qədər realdır?
Mövzu ilə bağlı Xeber-ps.com-a danışan hərbi-siyasi icmalçı Ramil Məmmədlinin sözlərinə görə, 2013-cü ildən başlayaraq, Ermənistanda siyasi formatın dəyişilməsi prosesi baş verdi və həm də hərbi-siyasi istiqamətdə müəyyən dəyişikliklərə start verildi: "Ermənistan hələ o zaman prezident Serj Sarkisyanın dövründə Avropaya inteqrasiya istiqamətində müəyyən addımlar atdı. Avropa İttifaq və Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ilə bir sıra istiqamətlərdə sənədlər imzalandı, razılaşmalar əldə olundu. Məhz bu vəziyyət Ermənistana Qərbin hərbi-siyasi dairələrinin gəlməsinə və bu istiqamətdə müəyyən addımların atılmasına gətirib çıxardı. Əslində, o zamandan başlayaraq, Ermənistan və Rusiya arasında müəyyən soyuqluğa start verilmişdi. Bu, üzdə hiss olunmasa da, dövlət strukturları arasında açıq aydın hiss olunurdu".
"2018-ci ildə Ermənistanda Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra isə bu ölkənin hərbi-siyasi mövqeyində fundamental dəyişikliklər baş verdi. Ermənistan açıq şəkildə artıq Qərb ilə münasibətləri fərqli formada, yəni tərəfdaşlıq və hətta müttəfiqlik səviyyəsinə qaldırmağa çalışdı. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Rusiyanın və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistana dəstək verməməsi və bunu Qarabağın Azərbaycan ərazisi olmaqla əlaqələndirməsi, hətta bu həqiqətin Rusiya Prezidenti Vladimir Putin tərəfindən səsləndirilməsi Ermənistanla Rusiya arasında münasibətlərin korlanmasına gətirib çıxardı. Əslində, Ermənistan işğalçılıq niyyətini davam etdirmək məqsədilə Rusiyanı növbəti dəfə istifadə etməyə çalışırdı", - Məmmədli vurğulayıb.
Müsahibimiz əlavə edib ki, 2021-ci ildən başlayaraq Ermənistana əvvəlcə Avropa İttifaqının müşahidə missiyası altında, 2023-cü ildən başlayaraq isə Amerika Birləşmiş Ştatlarının hərbi təlimatçıları səviyyəsində əməkdaşlıq formatı həyata keçirilməyə başlanıldı: "Əslində, bu gün Ermənistanın Qərb ilə sıx əməkdaşlıq nümayiş etdirməsi, İrəvanın siyasi mövqeyindən xəbər verir. Bunu əvvəllər blef kimi də təhlil etmək olardı. Yəni Rusiya Ermənistanı itirməsin deyə, İrəvan Moskvanı öz mövqeyinə çəkmək, Qarabağ məsələsində Azərbaycana qarşı Ermənistanı dəstəkləməyə məcbur etmək kimi də təhlil etmək olardı. Lakin görünən odur ki, Ermənistan geri dönüşü olmayan bir yola qədəm qoyub və bu yol Ermənistanın son nəticədə Qərbin bir hissəsinə, daha doğrusu Amerikanın, NATO-nun bir parçasına çevirməyə doğru aparır. Amerika hərbçilərinin təlimlərdə həm keçən il, həm bu il Ermənistan ordusu ilə birlikdə Ermənistan ərazisində təlimlər keçməsi, həmçinin Zəngəzur ərazisində ABŞ-nin hərbi birləşməsinin yerləşməsi, artıq bu məsələdə konkret mövqe söyləməyə imkan verir".
"Biz bu gün Ermənistanı müxtəlif ölkələrin xüsusi xidmət orqanlarının bir poliqonu da hesab edə bilərik. Çünki Nikol Paşinyanın siyasəti artıq buna gətirib çıxarıb. Bu gün Ermənistanda Rusiya hərbi birləşməsi yerləşir, o cümlədən Amerikanın hərbi birləşməsi mövcuddur. Bununla yanaşı, Fransanın hərbi və xüsusi xidmət orqanlarının qurumları fəaliyyət göstərir. Çinin, Hindistanın və İranın maraqları da bu ərazidə yer alıb. Türkiyə də Ermənistanla münasibətləri normallaşdırmaq istiqamətində addımlar atır. Bir sözlə, Ermənistan Rusiyaya, təbii ki, Rusiya dövlət sisteminə xəyanət edib. Biz bilirik ki, Ermənistanın mövcud olmasında Rusiyanın hansı xidmətləri olub. Bu gün Qərb istiqamətində inteqrasiya yolu tutan Ermənistanı yaxın dövrlərdə Ukraynanın taleyi gözləyə bilər. Şərt deyil ki, Rusiya Ermənistan ərazisində hərbi əməliyyatlar keçirəcək, amma daxili çaxnaşmaların baş verməsinin işartıları artıq var. Digər tərəfdən, Gürcüstanda keçirilən seçkidən sonra Rusiyanın yenidən bu ölkənin hakimiyyətində möhkəmlənəcəyi, artıq Ermənistan üçün müəyyən problemlər yarada bilər. Hələ ki İran da Ermənistanla sərt danışmır. Yəqin ki, müəyyən dövrdən sonra İranla Ermənistan arasında da münasibətlərin gərginləşməsinin şahidi olacağıq. Hələlik Ermənistan Türkiyə ilə münasibətləri qaydaya salmayana qədər İranla mehriban davranmağa çalışır. Bu prosesin nə qədər davam edəcəyi barədə isə danışmaq hələ ki tezdir", - müsahibimiz fikrini yekunlaşdırıb.
Politoloq Vaqif Hüseyn isə Xeber-ps.com-a bildirib ki, Paşinyan bəzi addımlarını Ukraynadakı hadisələrə görə atır: "Əgər Ukrayna üstünlük əldə edirsə, Paşinyanın səsi daha gur çıxır, yox Rusiya hansısa dividentlər qazanırsa, o zaman Ermənistan buna uyğun hərəkət edir: "Bir növ Paşinyanın riyakar siyasəti konyunkturaya əsasən həyata keçirilir. Əlbəttə ki, biz də buna yönəlik həm Qərb, həm də Rusiya arasındakı balansı qorumağa çalışırıq. Əslində, bunu ən yaxşı bacaran dövlətin elə Azərbaycan olduğunu zənn edirəm. Elə bu balansı qorumaq sayəsində bu gün həm Qərbdən gələn zərbələri, həm də Rusiyadan gələ biləcək hansısa təzyiqləri neytrallaşdırmağı bacarmışıq. Biz bunu fürsətə çevirib özümüzə uyğun olan sülh şərtləri ilə Ermənistanla münasibətləri normallaşdırmalıyıq. Əks təqdirdə, bölgədə bir çox şeylər qeyri-müəyyən olaraq qalacaq və yenidən bura həm Qərbin, həm də Rusiyanın manipulyativ hərəkətlərinin obyektinə çevriləcək. Buna isə imkan vermək lazım deyil. Bunun üçün Azərbaycan əvvəlki siyasətini qorumalı, Azərbaycan Ordusu isə bölgədə hərbi güc olduğunu hər zaman göstərməlidir. Planlarımızı da məhz buna uyğun atmalıyıq. Bu şərtləri isə diktə edib bölgədə üstünlüyümüzü təmin eləməliyik".
Politoloq hesab edir ki, sülh sazişi imzalanmayan yerdə boşluq, boşluq olan yerdə qeyri-müəyyənlik, qeyri-müəyyənlik olan yerdə isə xaos və münaqişə olur: "Yəni nə qədər ki, tərəflər arasında sülh sazişi imzalanmayıb, diplomatik münasibətlər mövcud deyil, Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından hüquqi cəhətdən imtina etməyib, bu problemlərin həmişə şahidi olacağıq. Hər vəziyyətə də hazırlaşmalıyıq".
Mərahim Nəsib