Azərbaycan millisinin baş məşqçisi: "Təəssüf ki, hücumları qolla yekunlaşdıra bilmədik"

"Təəssüf ki, hücumları qolla yekunlaşdıra bilmədik".

"Report" xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernando Santuş İsveç yığmasına qarşı keçirdikləri Millətlər Liqasının oyunu sonrası mətbuat konfransında deyib.

69 yaşlı mütəxəssis görüşün ağır keçdiyini bildirib:

"Oyuna yaxşı başladıq. Şanslarımız oldu, təəssüf ki, hücumları qolla yekunlaşdıra bilmədik. Daha sonra müdafiə sisteminə keçdik. İsveç güclü komandadır. Uşaqlar müdafiədə yaxşı oynadı. İmkan tapan kimi dərhal hücuma keçirdilər. Təəssüf ki, penaltidən yararlana bilmədik. İkinci hissəyə yaxşı başladıq, lakin yenə də hücumlarımızı uğurla başa çatdıra bilmədik. Komandanın hücum xəttindən kifayət qədər razıyam, qol vurmağa cəhd edirdilər. Lakin müdafiədən yalnız 50 faiz razıyam. Oyunun təşkili ilə bağlı problemlər vardı".

Mütəxəssis qapıçı Mehdi Cənnətovun çıxışı haqda da fikirlərini bölüşüb:

"Qapıçıdan razıyam, bir çox hallarda komandanı qoldan xilas etdi".

Qeyd edək ki, Azərbaycan - İsveç matçı qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

0.094478845596313