Boy artırmaq üçün olan dərmanlarla bağlı XƏBƏRDARLIQ: "Özbaşına istifadə etsəniz..."

Bakıda kökəlmək, arıqlamaq üçün dərmanlar satıldığı kimi, boyun uzanmasına da kömək etdiyi bildirilən dərmanlar təklif olunur. Şəhərdəki reklam lövhələrində göstərilən dərmanlardan övladının ucaboy olmasını istəyən valideynlər alıb istifadə edirlər.

Bəs bu dərmanların boy artımına köməyi təsdiqini tapıbmı? Hansı yaşda uşaqlar bundan istifadə edə bilərlər?

Bu barədə Bizim.Media-ya açıqlamasında pediatr Vaqif Qarayev deyib ki, əvvəlcə boy artımına mane olan səbəblər araşdırılmalı, bu barədə həkimin rəyi olmalıdır:

"Valideyn nə qədər özünü gözəlləşdirsə də, onun uşağı özünün əvvəlki vəziyyətinə oxşayacaq. Yəni təbiəti məcbur etmək olmaz. Azərbaycanlı düşüncəsi var, biz istəyirik ki, uşaqlarımız boylu-buxunlu, alyanaqlı, toppuş olsun. Olmursa, nə edək?! Bunun ciddi tibbi səbəbi yoxdursa, təbiətin ixtiyarına buraxaq. Əvvəl uşaqların yaşına görə boy və çəkinin həddi olan cədvəllər var idi. İndi başqa forma yaranıb, yəni ananın və atanın boyunu müəyyən əmsallara vurub bölərək normativ çıxarırlar.

Uşağın boyu normaya uyğun deyilsə, onda gərək artıma mane olan səbəblər araşdırılsın. Biləklərdəki sümükdə boy zonaları var, rentgen onu bizə göstərir. O zonalar bağlanmayıbsa, boy artacaq, bağlanıbsa, başqa tədbirlər görmək lazımdır. Əvvəlcə bağlanma səbəbini öyrənməliyik. Bunlar hamısı normaldırsa, səbəbi irsiyyətdə axtarmalıyıq.

Yeddi anadan beşi deyir ki, uşağın boyu balacadır. Axı ananın da boyu balacadır, təbiət bunu belə yaradıb. İrsiyyəti heç kim qəbul etmir. Valideynlərin istək və arzusuna qatılıram, amma bu, zorakılıqla olmur. Yəni irsidirsə, heç nə edə bilməyəcəyik".

Həkim valideynləri belə dərmanları həkim göstərişi olmadan almamağa çağırıb:

"Apteklərdə çəki artıran dərmanlar da var. Qətiyyən istifadə etmək olmaz. İndi xanımlar arıqlamaq həvəsinə düşüblər, bu da olmaz. Arıqlamaq üçün dərman qəbul edənlərdə bunun nə qədər fəsadlarını görürük. Zorla arıqlamaq, kökəlmək, boy artırmaq düzgün deyil.

Bunlara mane olan tibbi səbəblər yoxdursa, həyat tərzini dəyişmək lazımdır. Yemək-içmək, istirahət edərək yaşamaq lazımdır. Altından qırmızı xətt çəkərək deyirəm ki, heç bir valideyn özbaşına boy artıran dərman almasın. Hələ o dərmanların faydasının olması da sual altındadır. Sadəcə sahə həkiminə, pediatr və ya endokrinoloqa müraciət edərək yuxarıda sadalananları müayinə etmək və qərar vermək lazımdır".

0.081238985061646