"İlin müəyyən günlərində Yer öz orbiti üzrə hərəkət edərək kometlər və ya asteroidlərlə əlaqəli xüsusilə sıx axınlardan keçir və bu, illik meteor yağışına səbəb olur. Bu cür meteor yağışları hər il təkrarlanır. Bu il "ε-Perseid" meteor yağışı sentyabrın 5-dən 21-dək aktiv olacaq və sentyabrın 9-da pik həddə çatacaq".
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Xeber-ps.com-a verilən məlumata görə, Bakıdan baxanda yağış hər gecə saat 19:30-da üfüqün şərq tərəfində görünəcək və saat 05:45-dən səhərə qədər aktiv qalacaq.
Yağış saat 05:00-da - üfüqdən ən hündür nöqtədə olanda daha intensiv olacaq. Yağışın pik nöqtəsində saatda 10-a qədər meteor görüləcəyi təxmin edilir.
Qeyd edək ki, Yer kürəsi kometlər və asteroidlərdən sonra geridə qalan dağıntı axınlarından keçdikdə meteor yağışları yaranır. Bu dağıntılardan biri Yer atmosferi ilə toqquşduqda təxminən 70-100 km yüksəklikdə yanmağa başlayır və "düşən" ulduzlar kimi görünür.