"Məhsul" stadionunu satmaqda təqsirləndirilənlər məhkəmədən vaxt istədilər

"Məhsul" stadionunun direktoru Alik Həsənov və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Xeber-ps.com-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərə son söz verilsə də, onlar buna hazır olmadıqlarına görə məhkəmədən iki həftə vaxt istəyiblər.

Xatırladaq ki, bundan əvvəlki prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərin hər birinin 11 il 6 ay azadlıqdan məhrum olunmasını məhləməyə təklif edib.

İttihama görə, Nadir Əliyev və Alik Həsənov çoxmərtəbəli binaların tikintisi ilə məşğul olan sahibkarlara stadion ərazisini satmaqda təqsirləndirilirlər. Ərazini almaq istəyən sahibkarlardan isə həm beh, həm də konfederasiya rəhbərliyinə vermək adı ilə ümumilikdə 900 min manat pul alıblar. Bundan başqa, Alik Həsənovun özünün ayrıca da daha bir sahibkarı aldadıb pulunu ələ keçirdiyi iddia edilir.

İstintaq zamanı Alik Həsənovun direktoru olduğu stadionun ərazisini başqa bir sahibkara 8 milyon manata sata biləcəyini deməsi, bunun üçün aidiyyəti vəzifəli şəxslərə rüşvət vermək və müvafiq sənədləşdirmə işləri aparmaq adı ilə onun 360 min manat pulunu ələ keçirməsinə də əsaslı şübhələr müəyyənləşdirilib.

Nadir Əliyev və Alik Həsənova qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb. Cinayət işi üzrə 5 nəfər zərərçəkmiş qismində tanınıb. Bunlar Rauf İsmayılov, Dadaş Umbatov, Həbib Zülfüqarov, Elçin Rüstəmov və Yusif Vəlixanovdur.

Elgün Həsənli

0.061778783798218