"Ermənistandan olan çoxlu sayda azərbaycanlı etnik təmizləmə zamanı və eləcə də onların pənah gətirdiyi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşüb".
Xeber-ps.com xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.
Qeyd edilib ki, Ermənistan tərəfindən törədilən məcburi itkin düşmələr insan hüquqlarının kobud şəkildə pozulmasıdır:
"Məcburi itkin düşmədən qorunma hüququ insan hüquqlarına dair müxtəlif beynəlxalq sənədlərdə, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktda və "Bütün şəxslərin məcburi itkin düşmələrdən qorunması haqqında Beynəlxalq Konvensiya"da təsbit edilib. Ermənistan bu şəxslərin taleyi və harada olduqları barədə məsələlərə aydınlıq gətirməkdən, qətlə yetirdiyi azərbaycanlıların kütləvi məzarlıqlarının və digər dəfn yerlərinin dəqiq yerini açıqlamaqdan imtina edir və bununla onların ailələrinin yaşadığı ağrı və qeyri-müəyyənlik iztirabını daha da dözülməz edir. Bu məcburi itkin düşmələr məsələsinə baxılması insan hüquqlarının müdafiəsi, zərər çəkmiş ailələrə onların yaxınlarının taleyinə aydınlıq gətirilməsi, ədalətin təmin edilməsi və sülh üçün zəruridir".
"Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən məcburi itkin düşməyə məruz qoyduğu azərbaycanlıların taleyinə aydınlıq gətirməyi, bu məsələ üzrə Azərbaycanla tam əməkdaşlıq etməyi və məcburi itkin düşməni törətmiş şəxsləri ədalət məhkəməsinə təslim etməyi bir daha tələb edir", - deyə icmanın bəyanatında vurğulanıb.