"Qarabağ" arzuolunmaz göstəriciləri təkrarlayıb

Çempionlar Liqasının pley-offunda Zaqreb "Dinamo"suna ikinci oyunda da yenilən "Qarabağ" qitənin ən mötəbər klub turnirində və ya avrokuboklarda bir sıra arzuolunmaz statistik göstəricilərə imza atıb.

Xeber-ps.com xəbər verir ki, klub ilk dəfə və ya uzun müddətdən sonra yenidən tarixə düşüb.

Çempionlar Liqasının təsnifat mərhələləri və pley-offunda "Qarabağ" ilk dəfə iki oyunda qapısında 5 top görüb və ilk dəfə hər iki oyunda uduzub. Sözügedən mərhələlərin ikioyunluq matçlarında "köhlən atlar" son 9 ildə ilk dəfə iki matçda rəqib qapısına yol tapa bilməyiblər. Son və yeganə belə hal 2015-ci ildə 3-cü təsnifat mərhələsində şotland "Seltik"i ilə (0:1, 0:0) oyunlarda yaşanıb.

"Qarabağ" sonuncu dəfə iki qarşılaşmada qapısında 5 topu 2010-cu ildə Avropa Liqasının 4-cü təsnifat mərhələsində Dortmund "Borussiya"sı ilə (0:4, 0:1) dueldə görüb. Ağdamlıların qitə yarışlarının qrupaqədərki mərhələlərində sonuncu dəfə hər iki oyunda uduzduqları rəqib də alman klubu olub. Frankfurt "Ayntraxt"ı 2013-cü ildə Avropa Liqasının 4-cü təsnifat mərhələsində "Qarabağ"a 2:0 və 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Ağdam klubu Çempionlar Liqasının pley-offunda Zaqreb "Dinamo"suna səfərdə 0:3, ardından cavab matçında evdə 0:2 hesabı ilə məğlub olub.

0.091439962387085