Erməni lobbisinin aləti kimi ad çıxarmış Frank Şvabe ölkəmizə qarşı qarayaxmaya start verib - RƏY

Almaniya Bundesdaqının üzvü, Azərbaycanafobiya və türkafobiya fikirləri ilə tanınan və erməni lobbisinin dünya erməniçiliyinin əlində alət kimi ad çıxarmış Frank Şvabe yenə ölkəmizə qarşı qarayaxma kampaniyasına start verib.

Bunu "Report"a açıqlamasında VI çağırış Milli Məclisinin deputatı Tural Gəncəliyev bildirib.

Onun sözlərinə görə, Frank Şvabenin Azərbaycanla bağlı sərsəm açıqlamaları və xalqımıza qarşı fikirləri ölkəmizə qarşı hərəkət edən qüvvələrin erməni lobbisinin əlində oyuncaq olmasının göstəricisidir. Frank Şvabe xeyli müddətdir ki, ölkəmizə qarşı fəallıq göstərir. Onun son zamanlar qarayaxma kampaniyasında daha aktiv iştirak etməsi göstərir ki, Azərbaycanın 2020-ci ildəki 44 günlük müharibədə əldə etdiyi möhtəşəm zəfər və 2023-cü ilin sentyabrında ölkəmizin bütün ərazilərində suverenliyimizin tam bərpa edilməsi bu kimi qara qüvvələri xeyli narahat edib.

T.Gəncəliyev qeyd edib ki, Azərbaycan hərbi, diplomatik və qlobal səviyyədə önəmli nəticələr əldə edib və bir neçə aydan sonra keçiriləcək COP-29 kimi mötəbər beynəlxalq tədbirin başlanması ərəfəsində belə qara qüvvələrin aktivləşməsi təəccüblü deyil:

"Çünki Şvabe kimiləri ölkəmizdə keçirilən nüfuzlu tədbirlərin mühüm nəticələrini şübhə altına almaq üçün mütəmadi olaraq qarayaxma kampaniyaları keçirir. Axı Şvabenin özü korrupsiyaya bulaşmış bir şəxsdir. Onun təmsil olunduğu partiyanın nümayəndələri müxtəlif ölkələrin kəşfiyyat orqanlarına işləməkdə ad çıxarıblar. Məsələn, Şröder bu günə qədər də "Qazprom"da təmsil olunur. Görəsən, Şvabe bu barədə niyə danışmır? Angela Merkelin isə uzun müddətdir SSRİ KQB-nin agent şəbəkəsində olduğu danılmaz faktdır".

O bildirib ki, Şvabenin uzun illər Azərbaycana qarşı həyata keçirdiyi qərəzli fəaliyyət onun kimliyini tam mahiyyəti ilə ortaya qoyur:

"O, erməni lobbisinin əlində açıq şəkildə istifadə olunan kart kimi daim Türkiyə və Azərbaycana qarşı xüsusi çanfəşanlıqlar göstərib. Şvabe "məşhur" islamafob, türkafob, Azərbaycanafob kimi rol oynamağı üzərinə götürüb. Biz onun siyasi "karyerasına" nəzər saldıqda görürük ki, Almaniyanın müvafiq ərazisindən seçilməsinə baxmayaraq o, daha çox erməni lobbisinin və erməniçiliyin maraqlarına xidmət etməkdədir. Digərlərinin maraqlarına xidmət etməyi, oyuncaq alətə çevrilməyi öz üzərinə götürmüş "siyasətçi" təbii ki, ölkəsinin, seçildiyi ərazinin problemlərindən daha çox məhz Azərbaycanafobiya ilə məşğuldur. Onu idarə edən havadarları Azərbaycanın əldə etdiyi böyük uğurları həzm edə bilmirlər, bu səbəbdən də Frank Şvabe kimi oyunçulardan cılız alət kimi istifadə edərək qarayaxma kampaniyalarını həyata keçirməyə çalışırlar.

Görünür, Almaniya kansleri Şoltsun Prezident İlham Əliyevlə görüşləri, o cümlədən Londondakı son görüşü Şoltsun düzgün siyasət yeritdiyini göstərir, lakin belə məsələlər Şvabe kimiləri narahat edir və bu təlaş nəticədə anti-Azərbaycan təfəkkürü daha da həyəcanlandırır".

T.Gənvəliyev, həmçinin bütün bu cəhdlərin Azərbaycana mane ola bilməyəcəyinə və Azərbaycanın dostuq, qarşılıqlı əməkdaşlıq sayəsində, hər zamankı kimi, dünyanın böyük güc mərkəzlərini öz orbitində saxlaya biləcəyinə diqqət çəkib:

"Azərbaycan özünün güclü lideri, ordusu, xalqımızın şücaəti, qəhrəmanlığı ilə çox dərin layları tərpədib. Lakin heç bir qüvvə ölkəmizin bu uğurunu, nüfuzunu əlindən ala bilməyəcək, onun gələcək planlarını poza bilməycək. Bu səbəbdən də Frank Şvabe kimi cılız oyuncaqlar tarixdə yalnız öz sahiblərinin dedikləri ilə çıxış edən, bu səhnədə müəyyən rol alaraq ondan maksimum yararlanan şəxslər kimi qalacaqlar.

Bütün bu kimi cəhdlər ölkəmizə qarşı ədalətsiz mövqenin göstəricisidir və bilavasitə Azərbaycanın Qarabağda öz suverenliyini, ərazi bütövlüyünü bərpa etməsi ilə əlaqədardır. Prezident İlham Əliyevin qətiyyəti, iradəsi, rəşadəti sayəsində Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Bu dairələr isə qələbəmizi və uğurlarımızı qəbul edə bilmir, Şvabe kimi "siyasətçi"ləri qabağa verərək, ondan Azərbaycana qarşı alət kimi istifadə edirlər".

0.062665939331055