Rövzət Qasımov: "Namizədlərin qanun pozuntusuna yol verməsinə dair MSK-ya müraciət daxil olmayıb"

"Mərkəzi Seçki Komissiyasına (MSK) bu günə qədər namizədlərin seçkiqabağı təşviqatla bağlı qanun pozuntusuna yol verməsinə dair heç bir müraciət daxil olmayıb".

Bunu "Report"a açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib.

O bildirib ki, namizədlərin təşviqat kampaniyası indiyədək bir-birinə qarşılıqlı hörmət şəraitində və sakit atmosferdə davam edir:

"Namizədlər öz məlumat, ismarış və platformalarını seçicilərinə aydın formada çatdırır, onların suallarını cavablandırırlar. Bir məlumatı da qeyd edim ki, MSK-nın 115 nömrəli qaynar xəttinə indiyədək barmaqla sayılacaq qədər müraciət daxil olub. Onların əksəriyyəti sorğu xarakterlidir. Yaxud da seçki subyektləri tərəfindən hüquqi məsələlər barədə qaynar xəttimizə müəyyən suallar ünvanlanıb. Təşviqat üçün ayrılan yerlərlə bağlı da suallar olub.

Bildiyiniz kimi, namizədlərin seçkiqabağı təşviqatı üçün geniş və hərtərəfli imkanlar təmin olunub, təşviqat prosesinin daha geniş vüsət alması üçün MSK müvafiq qurumlarla birgə 5 506 yer müəyyənləşdirib və həmin yerlər barədə ətraflı məlumat ictimailəşdirilərək seçicilərin və təşviqat subyektlərinin diqqətinə çatdırılıb. Ayrılan yerlərdən 3 469-u açıq, 2 037-si isə qapalıdır. Bütün bu yerlər avqustun 31-i saat 8:00-dək namizədlərin sərəncamındadır".

0.066828012466431