Gizli səsyazısı və ya videogörüntü məhkəmədə sübut kimi qiymətləndirilə bilərmi?

"Məndən borc adına on min pul alan şəxs onu qaytarmaqdan imtina edir. Əlimdə səsyazıları və pulu verdiyimlə bağlı videogörüntü var. Bunları sübut kimi məhkəməyə təqdim edə bilərəm?"

Xeber-ps.com-xəbər verir ki, belə bir sual sosial şəbəkədə müzakirə mövzusu olub.

Şəxs qeyd edib ki, qarşı tərəfin onun səsinin yazılmasından və videogörüntüyə alınmasından xəbəri olmadığı üçün o, əlində olan səsyazıları və videogörüntünü dəlil kimi məhkəməyə təqdim etməkdə tərəddüd edir.

Maraqlıdır, şəxsin xəbəri olmadan qeydə alınmış səsyazısı və ya videogörüntü məhkəmədə sübut kimi qiymətləndirilə bilərmi?

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, hüquqşünas Xəyal Bəşirov Xeber-ps.com-ın sorğusuna cavab olaraq bildirib ki, bu, yalnız hər iki tərəfin iradəsi ilə baş verdiyi halda sübut kimi qəbul edilə bilər.

"İnsanlar bir-birləri ilə hansısa bir işi görərkən, hansısa bir addım atarkən gizli çəkilişlər edirlər, hansısa səsyazılarını yazırlar və daha sonra gələcəkdə hüquqi müstəvidə, hansısa məsələ ilə bağlı problemin həllində qeyd olunan səsyazılarından istifadə etməyə cəhd göstərirlər.

Məlum olanda ki, bu səsyazıları, bu görüntülü çəkilişlər gizli olaraq çəkilib, bunu sübut kimi, mötəbər dəlil kimi qəbul etmirlər. Əslində səsin gizli yazılması, videogörüntünün gizli çəkilməsi sübut kimi istintaqda və yaxud məhkəmə orqanlarında hansısa bir hüquqi mübahisənin həlli məqsədilə qəbul edilmir.

Amma, məsələn, hər iki tərəf razılaşır ki, hansısa bir məsələ ilə bağlı əldə edilmiş razılaşma ilə bağlı görüntünü çəkirlər, qarşı tərəfin də görüntü ilə bağlı razılığı varsa, belə halda bu, sübut kimi qəbul edilir.

Amma ümumilikdə hansısa bir hadisənin baş verməsi ilə bağlı səsin gizli yazılıb-yazılmaması, məsələn, kamera görüntüləri var, küçədə və yaxud hansısa bir obyektin daxilində bir hadisə baş verir, həmin faktın araşdırılması üçün o görüntülər sübut kimi qəbul edilir. Necə qəbul edilir?

Məsələn, bir cinayət hadisəsi baş verirsə, o hadisənin baş verdiyi yerdə cinayət hadisəsini törədən və yaxud cinayətə məruz qalan zərərçəkmiş tərəflərin iradəsindən kənar kamera görüntüləri varsa, o görüntülər sübut kimi qəbul edilir. Əslində, bu, hər iki tərəfin iradəsindən kənar, mötəbər dəlil kimi qəbul edilir.

Bəs niyə gizli səsyazısı və ya görüntü sübut kimi qəbul edilmir?

Çünki burada bir tərəfin iradəsi əsas götürülür. Həmin o səsyazısı və yaxud görüntü, həmin onu həyata keçirən şəxs tərəfindən aparılırsa, o halda digər tərəfin iradəsindən kənar olduğuna görə bunu məhkəmələr və yaxud müvafiq qurumlar sübut kimi qəbul etmirlər", - deyə hüquqşünas qeyd edib.

Əzizə İsmayılova

0.09095311164856