ABŞ Konqresi 2024-cü il sentyabrın 19-da tədbir keçirəcək. Konqresin liderləri, icma fəalları və digərləri Azərbaycanın Qarabağ bölgəsindən Ermənistana köçən ermənilərin beynəlxalq mandat altında ərazilərimizə guya təhlükəsiz qayıdışına çağırış edəcəklər. Məsələnin ən maraqlı tərəfi isə budur ki, Qərb ölkələri və təşkilatları Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinin üzərindən xeyli müddət keçsə də, ermənilərdən daha çox erməni kimi davranır, onların hüquqlarını öz hüquqları kimi müdafiə etməyi qarşılarına məqsəd qoyurlar. Üstəlik, bu məsələdə Azərbaycanla müzakirə aparmayaraq, bununla həm də ölkəmizin daxili işlərinə qarışdıqlarını göstərirlər. Halbuki, Qarabağı könüllü şəkildə tərk edən ermənilərin heç özlərinin belə bir iddiası yoxdur, lakin ABŞ başda olmaqla kollektiv Qərb məqsədyönlü şəkildə onları öz çirkin oyunlarına alət etmək istəyir ki, bununla da regionda məkrli planlarını asanlıqla həyata keçirə bilsin.
Hətta Prezident İlham Əliyev bu məkrli planları dəfələrlə alt-üst edərək bildirib ki, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər, onların Ermənistan adlı dövləti var. Yox, bu ölkəni istəmirlərsə, gedib çoxluq təşkil etdikləri Fransada, ABŞ-də öz müqəddəratlarını həll etsinlər. Azərbaycan torpağında ikinci Ermənistan dövləti yaradılmayacaq. Həqiqətən də, Qərb ermənilərin taleyindən bu qədər narahatdırsa, niyə gedib öz qütblərinə məxsus ölkələrdə onların aqibətini həll etmir?
Mövzu ilə bağlı Xeber-ps.com-a danışan Kahramanmaraş Sütçü İmam Universitetinin Siyasi Elmlər və Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri, professor Toğrul İsmayılın sözlərinə görə, belə tədbirlərin keçirilməsində əsas məsələ onun mahiyyəti ilə bağlıdır:
"Yəni nə üçün belə bir tədbir keçirilir? Nə üçün məhz ABŞ-də keçirilir? Azərbaycan tərəfindən bu konfransa dəvət edilənlər var, yoxsa yoxdur? Əvvəlcə bu sualların cavabı tapılmalıdır. Sirr deyil ki, Azərbaycan özü rəsmi şəkildə Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşlığını alaraq ölkəmizdə qalmasını dəfələrlə təklif edib. Amma orada yaşayan ermənilər Ermənistan siyasətçilərinin tələsinə düşərək Azərbaycan ərazilərini tərk ediblər. Üstəlik, onlar Ermənistan vətəndaşları idi və Azərbaycan ərazisini tərk edərkən hər birinin pasportuna sərhədi keçdikləri üçün rəsmi şəkildə möhür vurulub. Bu isə o deməkdir ki, Azərbaycanı Azərbaycan vətəndaşı olan etnik ermənilər tərk etməyiblər".
Professorun sözlərinə görə, ermənilərin Qarabağa geri qayıtması üçün onlar Azərbaycan vətəndaşlığını qəbul etməli, Ermənistan vətəndaşlığından isə imtina etməlidirlər:
"Eyni zamanda, ermənilərə Azərbaycan vətəndaşlığı veriləndə bu şəxslərin işğal dövründə Azərbaycan əhalisinə qarşı qətliam, soyqırımı hadisələrində iştirak edib-etmədiyi də araşdırılacaq. Əlbəttə ki, bu cür tədbirlər beynəlxalq hüquqla təmin edilir və bu, Azərbaycanın qanuni haqqıdır. Azərbaycanı buna görə heç kim günahlandıra bilməz. Ona görə də beynəlxalq təşkilatlar bu məsələni erməniləri "müdafiə etmək" məqsədilə qanunsuz şəkildə gündəmə gətirirlər. Təbii ki, Azərbaycan ərazisində yaşayan erməni əhali Qarabağ bölgəsini könüllü şəkildə tərk edib. Onlarla bağlı beynəlxalq konfranslar da ola bilər, bunu kimsə əngəlləmir. Lakin bu məsələlər müzakirə ediləndə ilk növbədə Azərbaycan dövlətinin özü, sonra da Birləşmiş Millətlər Təşkilatının iştirakı təmin edilməlidir. Çünki biz bəzi amerikalı senatorların rüşvət alaraq ermənilərin lehinə siyasət apardığını yaxşı bilirik".
"ABŞ-də seçkilərdə namizədlərə, partiyalara müxtəlif fondların verdiyi maddi dəstəklər önəmlidir. İndiki şəraitdə də qarşıdan gələn prezident seçkisində istər Demokratların, istərsə də Respublikaçıların erməni diasporunun maddi dəstəyinə ehtiyacı var. Ona görə də ermənilər üzərindən bu cür ssenarilər qurulur. Çünki ABŞ, onsuz da, Azərbaycana qarşı özünü həmişə obyektiv göstərməyə çalışsa da, reallıqda bunun əksi olub. Azərbaycan torpaqları işğal ediləndə Azərbaycana qarşı 907-ci düzəliş tətbiq edilib. Digər məsələlərdə də Azərbaycanı hər zaman günahkar göstərməyə çalışıblar. Çünki bu, ABŞ siyasətinin bir parçasıdır. Lakin əsas olan budur ki, Azərbaycan beynəlxalq hüquq çərçivəsində haqlıdır. Ona görə də Qarabağda yaşamaq istəyən etnik ermənilər Qarabağa geri qayıtmaq istəyirlərsə, bu, Azərbaycan qanunvericiliyi çərçivəsində həll olunacaq. Buna hər hansı bir kənar müdaxilə mümkün deyil", - deyə müsahibimiz fikrini yekunlaşdırıb.
Tarix elmləri doktoru, siyasi şərhçi Telman Nüsrətoğlu da Xeber-ps.com-a açıqlamasında bildirib ki, bu, Amerika Birləşmiş Ştatlarındakı ermənipərəst qüvvələrin, eləcə də erməni diasporunun iflasla nəticələnəcək növbəti kampaniyasıdır:
"Azərbaycanın öz ərazisində Konstitusiya quruluşunu bərpa etməsi bütün dünyanın gözü qarşısında baş verib və ona görə də beynəlxalq ictimaiyyət yaxşı bilir ki, Azərbaycan Ordusunun apardığı əməliyyatlar nəticəsində Qarabağda bir nəfər belə, erməniəsilli mülki şəxs zərər görməyib. Çünki Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri dünya hərb tarixinə düşəcək dərəcədə yüksək dəqiqliklə aparılıb. Ermənilər isə ölkəmizi könüllü şəkildə tərk ediblər".
"Azərbaycan bütün xalqlara göstərdiyi tolerantlıq siyasəti ilə məşhurlaşan bir dövlətdir və heç bir xalqla bağlı heç vaxt diskriminasiya siyasəti aparmayıb. Amma Ermənistan tarix boyu azərbaycanlılara qarşı geniş etnodemoqrafik dəyişim - təmizləmə və soyqırımı siyasəti həyata keçirib, soydaşlarımızı dədə-baba yurdlarından köçməyə məcbur edib. Təsəvvür edin, bir tərəfdən, Azərbaycan türklərinə qarşı həyata keçirilən və sistematik xarakter alan məcburi köç, digər tərəfdən isə Azərbaycan dövlətinin tolerantlığı. Bunun qarşısında Azərbaycanı bu mövzuda ittiham etmək tamamilə absurd və əsassızdır. Çünki həmin ermənilər sonradan ölkəmiz əleyhinə saxta ittihamlar səsləndirmək üçün ya Qarabağdakı terrorçuların təzyiqi altında, ya da özləri şəxsən Azərbaycan dövlətçiliyinə qarşı normal münasibət bəsləmədikləri üçün ölkəmizi tərk ediblər. Digər tərəfdən, ermənilər Qarabağa qayıtmaq istəyirlərsə, paralel olaraq Azərbaycan türkləri də öz doğma torpaqlarına - Zəngəzura, Göyçəyə, İrəvana və digər Qərbi Azərbaycan ərazilərinə qayıtmalıdırlar. Bu siyasət qarşılıqlı prinsip çərçivəsində həyata keçirilməlidir", - deyə alim vurğulayıb.
Müsahibimiz əlavə edib ki, Azərbaycan daxilində yalnız Azərbaycan dövlətinin qanunları işləyir və buna görə də heç bir beynəlxalq təşkilat və ya ölkə hansısa mandat adı altında ölkəmizin daxili işlərinə qarışa bilməz:
"Təbii ki, Qarabağla bağlı işğalçılıq siyasətini davam etdirmək ermənilərin çoxdankı arzusudur. Onlar indi də beynəlxalq mandat maskası altında gizlənib, himayədarlarının dəstəyi ilə Azərbaycana qarşı ərazi iddialarını davam etdirmək istəyirlər. Bu isə əlbəttə ki, mümkünsüzdür. Çünki Azərbaycanın regionun güclü və yeni reallıq yaradan ölkəsi kimi, artıq dünya siyasi arenasında da çəkisi getdikcə artır. Ona görə də heç vaxt belə bir mandatın Azərbaycan ərazisində keçərli olmasına icazə verilə bilməz".
"Ermənilər artıq faşizm, ultramillətçilik və şovinizm siyasətinin Ermənistanı necə böyük fəlakətə sürüklədiyini düşünməlidirlər. Qərb isə həqiqətən də humanist mövqe ortaya qoymaq istəyirsə, ilk növbədə Azərbaycan türklərinin öz əzəli torpaqlarına qayıdışı ilə bağlı beynəlxalq mandat təşkil etsin", -deyə ekspert fikrini yekunlaşdırıb.
Mərahim Nəsib