Milli irsimizin yorulmaz müdafiəçisi

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə qurulan güclü və qüdrətli Azərbaycanın inkişaf yolunun əsas memarlarından biri də Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevadır. Milli dəyərlərimizə, humanizm ideallarına bağlılığı, Vətəninə və xalqına sonsuz sevgisi Mehriban xanımı müasir Azərbaycanın rəmzlərindən birinə çevirib.

Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Mükafatların ən dəyərlisi

Bu illər ərzində bəşəriyyət qarşısındakı misilsiz xidmətlərinə görə çoxsaylı mükafatlara, orden və medallara layiq görülən Mehriban xanım Əliyeva üçün ən böyük mükafat xalqının ona olan sonsuz məhəbbəti, dövlətinin müstəqilliyi, suverenliyidir. Birinci vitse-prezidentin ictimai-siyasi xadim olaraq fəaliyyətinin başlıca qayəsi güclü və müstəqil Azərbaycandır. O, bunu sahib olduğu siyasi iradə, əzmkarlıqla dəfələrlə dünyaya nümayiş etdirib. Tarixi qələbəmizdən sonra ölkəmizə qarşı sərgilənən ikili standartlara etiraz olaraq birinci xanım bir çoxlarının sahib olmaq istədiyi nüfuzlu mükafatlardan imtina edib. Bu mövqe ilə Mehriban xanım onun üçün Azərbaycan xalqının, dövlətinin milli maraqlarının hər şeyin üstündə olduğunu bir daha nümayiş etdirib.

Yüzlərlə məktəb, səhiyyə ocaqları, muğam...

Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, Mehriban xanım Əliyevanın diqqət və qayğısını hiss etməsin. Məhz onun təşəbbüsü ilə ölkəmizdə yüzlərlə məktəb və bağça, uşaq evi ən müasir standartlara uyğun yenidən qurulub. Səhiyyə ocaqları, xəstəxanalar müasir avadanlıqlarla təmin edilib. Ekoloji mühitin yaxşılaşdırılması, təbiətin mühafizəsi ilə bağlı çoxsaylı aksiyalar, ağacəkmə kampaniyaları keçirilib. Milli musiqimizin incisi muğamımıza yeni həyatın verilməsi, onun dünyada tanıdılması, gənc istedadların aşkarlanıb xüsusi diqqət və qayğı ilə əhatə olunması, mədəni-mənəvi, tarixi irsimizin beynəlxalq səviyyədə təbliği də Mehriban xanımın adı ilə bağlıdır.

Yardımsevərlik, humanist təşəbbüslər

Yardıma ehtiyacı olan hər bir insana kömək əlini uzatmaq, problemlərinə yüksək humanist prinsiplərlə yanaşmaq Birinci vitse-prezident, ictimai-siyasi xadim olaraq Mehriban xanımın fəaliyyətinin əsas qayələrindən birini təşkil edir. Məhz onun təşəbbüsü ilə ölkəmizdə çoxsaylı sosial dəstək proqramları həyata keçirilir. Xüsusilə də şəhid ailələri, müharibə veteranları, sağlamlıqlarını ölkəmizin ərazi bütövlüyü uğrunda itirən qazilərimiz daim Azərbaycan dövlətinin yüksək diqqət və qayğısını hiss edirlər. Birinci vitse-prezidentin təşəbbüsləri və səyləri nəticəsində Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial dəstək proqramlarının miqyası, əhatə dairəsi, əlçatanlığı daha da genişlənir. Mehriban xanımın humanizm prinsiplərini əsas tutaraq əlamətdar günlərdə dəfələrlə əfv və amnistiya təşəbbüsləri ilə çıxış etməsi, bu təşəbbüslərin dövlətin ali rəhbərliyi tərəfindən müsbət qarşılanması neçə-neçə ailələrə sevinc bəxş edib.

Dünyaya nümunəyik

Azərbaycanın sahib olduğu tolerantlıq, müxtəlif dinlər və xalqların bir çətir altında mehribancasına yaşaması ənənələrinin inkişafı da bu gün Birinci vitse-prezidentin xalqı qarşısındakı əvəzedilməz xidmətlərindən sayılır. Məhz Mehriban xanımın təşəbbüsü ilə ölkəmizdə məscidlər, ziyarətgahlar, sinaqoqlar, katolik və pravoslav kilsələr yüksək zövq, tarixiliklə müasirliyin vəhdətini təşkil edən şəkildə bərpa edilib, onların sərbəst fəaliyyəti üçün hər cür şərait yaradılıb. Bu diqqət və qayğı nəticəsində Azərbaycanın sahib olduğu tolerantlıq mühiti dünyada nümunəyə çevrilib.

Qalib ölkənin qalib gəncləri

İndi Azərbaycan dünyada qalib ölkə kimi tanınır, qəbul edilir. Dövlətimizi müxtəlif idman yarışlarında, müsabiqələrdə təmsil edən idmançılarımız da bayrağımızı qürurla dalğalandırırlar. İdman sahəsində əldə etdiyimiz nailiyyətlər ildən-ilə artır, bu sahəyə gənclərin kütləvi axını müşahidə edilir. Təbii ki, gənc nəslin mübariz, vətənpərvər və sağlam ruhda yetişməsi də Azərbaycan dövlətinin, Birinci vitse-prezidentin əsas diqqət yetirdiyi sahələrdəndir. Son Olimpiada Oyunlarında gimnastlarımızın, digər növlərdəki təmsilçilərimizin uğurlu iştirakı, Mehriban xanımın əldə olunan hər nəticədən sonra təmsilçilərimizə xüsusi diqqət göstərərək onları şəxsən təbrik etməsi Azərbaycan gəncliyinin inkişafına, idmana olan diqqət və qayğının göstəricisidir.

Birinci xanımın dəst-xəti

Bu gün Azərbaycan dövləti qarşısında duran ən başlıca vəzifələrdən biri də işğaldan azad edilmiş ərazilərimizin bərpası və məcburi köçkünlərimizin doğma yurdlarına layiqli qayıdışının təşkilidir. Bu məsələdə Mehriban xanım Əliyevanın rolu və fəaliyyəti danılmazdır. Rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən işğaldan azad edilmiş ərazilərimizdəki tarixi-mədəni abidələrimizin, məscidlərimizin bərpası yüksək keyfiyyət, zövq və peşəkarlıqla həyata keçirilir. Mədəniyyət paytaxtımız Şuşanın, Ağdamın, Kəlbəcərin və daha neçə-neçə kənd və şəhərlərimizin yenidən qurulan simasında birinci xanımın dəst-xəti aydın şəkildə hiss olunur. Milli dəyərlərimizi, ənənələrimizi əks etdirən cizgilərin yaradılması, bu torpaqların qədim Azərbaycan ərazisi olduğunu göstərən yanaşma, yüksək ixtisaslı mütəxəssislərin bu işlərə cəlb edilməsi, hər kiçik məqama yüksək həssaslıq və diqqət göstərilməsi - bütün bunların hamısı doğma yurdlarında keçmiş məcburi köçkünlərimizin layiqli həyat şəraitini təmin etmək üçündür. Prezident İlham Əliyev də Mehriban xanımın bu işlərdəki rolunu xüsusi qeyd edib.

Tarixi qələbəmizdən sonra Azərbaycan özünün ən parlaq dövrünü yaşamaqdadır. Bu nailiyyətlərin əsasında isə Prezident İlham Əliyev və onun ən yaxın silahdaşı olan Mehriban xanım Əliyevanın çoxillik zəhməti, yorulmaz fəaliyyəti dayanır.

0.095134019851685