İki regionda aktivlik: "Azərbaycan yalnız Türkiyə ilə məhdudlaşmır"

"Azərbaycan və Özbəkistan arasındakı münasibətləri iki xalq arasında mədəni bağların möhkəm olması, yəni eyni dil, din, tarix və mədəniyyət faktorlarının mövcudluğu üzərindən əsrlərə dayanan dostluq, qardaşlıq əlaqələri formalaşdırır".

Bunu Xeber-ps.com-a açıqlamasında beynəlxalq münasibətlər üzrə şərhçi Yeganə Hacıyeva deyib.

Onun sözlərinə görə, iki dost və qardaş xalq bir-birinə regionlararası miqyasda dəstəyini hər zaman ifadə edib:

"Hazırda Özbəkistanla Azərbaycan arasındakı strateji əməkdaşlıq səviyyəsinə qədər yüksələn münasibətlərin nüvəsində də bu faktorlar dayanır. Lakin iki ölkə arasındakı münasibətlərin müasir dövrü haqqında danışsaq, qeyd etməliyik ki, Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiya kimi həssas strateji keçid bölgələri ümumilikdə bu ölkələrin həm də iqtisadi olaraq bir-biri ilə əməkdaşlığını dərinləşdirmə şərtlərini formalaşdırır. Çünki bəzi platformalar, bloklar, birliklər hazırda aktuallığını itirdiyi üçün yeni formatların yaranmasına zəmin yaranır. Bu isə sözügedən bölgələrdəki ölkələri, xüsusilə bu regionlarda oxşar dini, mədəni və milli xüsusiyyətlərin daşıyıcıları olan xalqları bir-birinə daha da yaxınlaşdırır".

"Onu da qeyd edim ki, Azərbaycanın yaxın dostlarından olan Özbəkistan 44 günlük Vətən müharibəsi dövründə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) imkanları hesabına Azərbaycana qarşı hərbi müdaxilə təşəbbüslərini yerindəcə rədd etmişdi və buna görə Azərbaycan dövləti adından Özbəkistan dövləti, xalqı və rəhbəri Azərbaycan xalqının dostu və qardaşı qismində yetərincə dəyərləndirilmişdi", - deyə analitik vurğulayıb.

Müsahibimizin sözlərinə görə, Azərbaycan Prezidentinin Özbəkistana səfəri birmənalı olaraq münasibətlərin strateji tərəfdaşlıq mərhələsində yeni prioritetlərin elan olunmasına yönəlib:

"Ona görə də bu görüş hazırkı dövrdə Avrasiya qitəsi üzərindən kommunikasiyaların yenidən formalaşması mərhələsində paralel və çarpaz maraqların ümumi bir strategiya üzərindən inkişaf etdirilməsi üçün vacib əhəmiyyətə malikdir".

İqtisadçı alim Elşad Məmmədov isə Xeber-ps.com-a açıqlamasında bildirib ki, Azərbaycanla Özbəkistan arasındakı münasibətlərin dayanıqlılığı perspektivdə ikitərəfli münasibətlərin inkişafı üçün müvafiq zəmin yaratmış olur:

"Hətta 1990-cı illərdə - mürəkkəb zamanda, postsovet məkanında iqtisadi-siyasi problemlərin dərinləşdiyi şəraitdə Azərbaycanla Özbəkistan arasındakı münasibətlərdəki müsbət xətt qorunmuşdu.

İndiki şəraitdə isə sözsüz ki, yeni geosiyasi və geoiqtisadi reallıqlar, qloballaşmanın dərin böhranla üzləşməsi, dünya iqtisadiyyatındakı problemlər regional iqtisadi əməkdaşlığı prioritet kimi formalaşdırmaq baxımından müvafiq şərait yaradır. Artıq regionda iqtisadi əməkdaşlığın dərinləşməsinin zəruriliyi göz qabağındadır.

Nəzərə almaq lazımdır ki, Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir, Özbəkistan da Mərkəzi Asiyada sürətli iqtisadi inkişaf baxımından müsbət göstəricilər nümayiş etdirməkdədir. Düşünürəm ki, regional iqtisadi əməkdaşlığın dərinləşməsi həm Cənubi Qafqazla Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın şaxələnməsinə, həm də postsovet məkanında iqtisadi əməkdaşlığın artmasına zəmin yaradacaq. Bu istiqamətdə isə iki ölkə arasındakı iqtisadi münasibətlərin inkişaf etdirilməsi bir çox istiqamətlər üzrə açar funksiyasını oynayacaq".

Türkoloq alim Faiq Ələkbərli isə Xeber-ps.com-a açıqlamasında son illərdə Azərbaycanın nəinki Cənubi Qafqazda, eyni zamanda, Türk Dövlətləri Təşkilatı çərçivəsində də mühüm mövqe tutduğunu deyib:

"Hər halda Azərbaycanın türk dünyasına yönəlik apardığı siyasət liderlik xarakterlidir. Çünki bu istiqamətdə daim fəallıq göstərmək, türk dövlətlərinin və xalqlarının bir araya gəlməsi üçün mühüm addımlar atmaq Azərbaycanın prioritetlərindən birinə çevrilib. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri çox mühüm əhəmiyyət daşıyır. Bu onu göstərir ki, Azərbaycan yalnız Türkiyə ilə məhdudlaşmır, eyni zamanda, Orta Asiyadakı türk dövlətləri ilə də ciddi şəkildə əməkdaşlıq edir və bu əməkdaşlıq iqtisadi, siyasi, mədəni, hətta hərbi sahədə də özünü büruzə verir. Ona görə də İlham Əliyevin Özbəkistana səfəri və burada Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü çox önəmlidir".

"Son illərdə türk dövlətləri arasında, xüsusən də Mərkəzi Asiyada, Özbəkistan ön plana çıxmaqdadır. Diqqət yetirsək, görərik ki, TDT-nin işində Türkiyə, Azərbaycan, Özbəkistan, eləcə də Qazaxıstan və Qırğızıstanın mühüm payı var. Nisbətən kölgədə qalan Türkmənistandır. Ancaq Azərbaycan və Özbəkistanın apardığı uğurlu siyasət nəticəsində digər türk dövlətləri də aktivləşəcəklər. Prezident İlham Əliyevin Özbəkistan səfərindən əsas gözləntilərimiz də bu istiqamətdədir", - deyə müsahibimiz vurğulayıb.

Mərahim Nəsib

0.069429874420166