Avropa İttifaqı (Aİ) noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Azərbaycan hakimiyyətini Ermənistanla sülh sazişi imzalamağa çağırır.
Xeber-ps.com xəbər verir ki, bu barədə Brüsselin "EUobserver" portalı Avropa Komissiyasına (AK) istinadən məlumat yayıb.
"Davamlı və möhkəm sülhə doğru qətiyyətli addımlar atmağın vaxtıdır. Azərbaycan, COP29-un verəcəyi impulsdan istifadə edərək, Ermənistanla sülh sazişi imzalamalıdır", - nəşr AK nümayəndəsinin sözlərini sitat gətirir.
Bununla belə, portalın Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsinə istinadən verdiyi məlumata görə, yaxın gələcəkdə sülh müqaviləsinin imzalanmasına ciddi maneələr mövcuddur. Aİ-nin vicdanlı vasitəçi kimi mövqeyi isə sarsılıb.
XİN nümayəndəsi Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoymasının iki ölkə arasında əsl və davamlı sülh müqaviləsinin imzalanmasının zəruri şərti olduğunu vurğulayıb.