Ah, nalə, əfqan - Taleyini adına görə yaşayan xalq

Mərahim Nəsib yazır...

Tarix boyu bir çox ölkənin marağında olan Əfqanıstan davamlı olaraq işğala, qırğına və etnik təmizləməyə məruz qalıb. Müasir dünyada ən başıbəlalı, əzab-əziyyət içində boğulan, çarəsizlik məngənəsindən çıxa bilməyən xalqın da əfqanlar olduğunu desək, yanılmarıq. Əfqanıstanın başı üstündəki qara buludlar 20-ci əsrdən etibarən daha da sıxlaşıb. Belə ki, gah monarxiya idarə üsulu, gah silsilə dövlət çevrilişləri, gah sosialist sistem, gah Qərbin müdaxiləsi, gah "Əl-Qaidə"nin de-fakto idarəçiliyi, gah müxtəlif zamanlarda hakimiyyəti ələ alan "Taliban" hakimiyyəti və bütün bunların fonunda hər dəfə yeni müharibələr, bir sözlə - Əfqanıstan uğrunda gedən mübarizə, maraqların toqquşması, əsas güc mərkəzlərinin sabitliyi pozması hələ də Əfqanıstanı özünə gətirə bilmir. Nəticə isə göz qabağındadır: terrorçuların və narkoticarətin məkanına çevrilən Əfqanıstan, bunun cəzasını çəkən isə dünyanın hər yerinə dağılıb pərən-pərən düşən məzlum əfqan xalqı.

Əfqanıstan uğrunda gedən mübarizədə nə keçmiş SSRİ-nin sosial bərabərliyi, nə Amerika Birləşmiş Ştatlarının demokratiyası, nə də "Əl-Qaidə"nin və "Taliban"ın şəriət qanunları əfqan xalqının imdadına yetişib, əksinə, onun faciəsini bir az da sürətləndirib. Əli hər yerdən üzülən əfqanlar öz ölkələrində ya terror və hegemon ölkələrin təzyiq və təsirləri ilə çiyin-çiyinə yaşamalı, ya da digər soydaşları kimi ölkəni tərk edib qaçqın həyatı sürməli olublar. Bundan acınacaqlı nə ola bilər ki? Nə öz ölkəndə yaşaya bilirsən, nə də qaçıb getdiyin başqa bir ölkədə. Çünki 30-40 milyon nəfərlik Əfqanıstan əhalisinin səfil-sərgərdan həyatı bu coğrafiyada söz sahibi olan və ya olmaq istəyən heç kimi düşündürmür.

Təkcə Əfqanıstanın Qaçqınlar və Repatriasiya Nazirliyinin açıqladığı son statistika mövcud vəziyyətin nə dərəcədə acınacaqlı olduğunu deməyə əsas verir. Nazirliyin məlumatına görə, xarici ölkələrdə yeddi milyondan çox qaçqın əfqan var. Beynəlxalq təşkilatların sorğularına əsasən isə əfqanların beş milyondan çoxu İranda, üç milyondan çoxu Pakistanda, iki milyondan çoxu isə dünyanın müxtəlif ölkələrində yaşamağa məcburdur. Üstəlik, onların çoxu yaşadığı ölkələrdə qeydiyyata düşmədiyi üçün əlavə problemlərlə üzləşir və deportasiya edilərək yenidən Əfqanıstana qayıtmaq məcburiyyətində qalır. Təbii ki, bu qeyri-sabit vəziyyət Əfqanıstan əhalisinin tərkibinə də təsir edir və onlar, az qala, dünyanın müxtəlif yerlərində yaşayan etnik azlığa çevrilirlər.

Bütün bunlar azmış kimi, Əfqanıstan iqtisadiyyatı hər gün bir az da çökərək sonuncu yerlərdə qərarlaşır. Ən acınacaqlısı isə odur ki, bu ölkənin olan-qalan iqtisadiyyatı, sadəcə, narkotik ticarətinin üstündə dayanıb. Düzdür, "Taliban"ın 1996-2001-ci illərdəki ilk hakimiyyəti dövründə narkotik vasitələrin istehsalı 90 faizdən çox azalmışdı. Lakin "Taliban"ın bu "uğursuz" fəaliyyəti Qərb dairələrini elə narazı saldı ki, 2001-ci ilə "Taliban" hökumətinin devrilməsi ilə narkotik istehsalının artması bir oldu. Həmin dövrdə məhv edilə-edilə yeddi hektara düşən narkotik plantasiyaları "Taliban"ın devrilməsindən cəmi beş il sonra 165 000 hektara çatdı. Bu kritik artımın fəsadları isə heç kimə sirr deyil. Hazırda Əfqanıstan dünyada qeyri-dərman tərkibli tiryəkin 90%-dən çoxunu istehsal edir. Həmçinin, bu ölkə dünyanın ən böyük həşiş (marixuana) istehsalçısıdır.

Bir sözlə, əfqan xalqı elə durumdadır ki, onu yaşadan nəsnələr belə, onun həm də potensial ölüm səbəbidir - terror, narkotik və mühacirət.

Bütün bunları yazmaqda məqsədim odur ki, günbəgün daha da naçar duruma düşən əfqan xalqı yenidən analoji problemlərlə gündəmə gəlib. Belə ki, son bir neçə gündə Əfqanıstandan çox sayda insanın ölkədən qaçdığı, daha çoxunun isə yenidən İrana keçdiyi bildirilir. Məlumata görə, əfqan mühacirlər dağlardan və səhralardan İrana qaçıblar.

Görünür, taleyini adına görə yaşayan xalqın hələ bir müddət zülmətdə qalacağı şübhə doğurmur. Bu bədbəxt regionun biçarə sakinləri kimlərin oyununa qurban gediblərsə, zərərini çəkən də ancaq dilemma qarşısında qalan əfqanlar olublar. O əfqanlar ki, artıq hər şeyə ümidlərini itirib, gələcəyə də ümidsiz baxırlar.

0.092312097549438