Sınaqsız tətbiq olunan yeni "silah" - Dünyanı təhdid edən AES təhlükəsi

Dünya ictimaiyyəti kütləvi qırğın silahlarının geniş tətbiqinin acı nəticələrini yaşayıb. ABŞ 1945-ci il avqustun 6-da Yaponiyanın Xirosima, həmin ayın 9-da isə Naqasaki şəhərlərinə atom bombası atıb. Bu hadisədən artıq 79 il ötməsinə baxmayaraq, minlərlə insan tarixin ilk nüvə hücumunun dəhşətindən hələ də əziyyət çəkir.

Dünya 1986-cı il aprelin 26-də Ukraynanın Çernobıl atom elektrik stansiyasında (AES) baş verən, 140 min kvadrat kilometr sahəni əhatə edən və 7 milyon insanın radiasiyaya məruz qaldığı qəzanın da şahidi olub. Bu faciənin qurbanlarının sayı hər il artır. Mütəxəssislərin hesablamasına əsasən, qəza zonasında radiasiya 2056-cı ilədək qalacaq, onun sahəsi indiki ilə müqayisədə əhəmiyyətsiz dərəcədə azalacaq. Bildirilib ki, Çernobıl qəzası nəticəsində Rusiyanın Bryansk vilayəti də xeyli çirklənib. Yeri gəlmişkən, Çernobıl AES 2022-ci il fevralın 24-də Rusiya tərəfindən işğal olunsa da, martın 31-də ərazi azad edilib.

Rusiyanın Ukraynada apardığı müharibənin gedişində əsas təhlükə mənbələrindən biri də AES-lərdir. Tərəflərdən birinin bu stansiyalara hücumu qarşısıalınmaz fəlakətə səbəb ola bilər. Lakin fəlakət ehtimalı nəzərdə tutulan obyektlər üçün sığortalayıcı amilə çevrilmir. 2023-cü il iyunun 6-da Ukraynanın Kaxovka su elektrik stansiyası (SES) partladılıb. Beynəlxalq dərəcəli mütəxəssislərin rəyinə əsasən, bunu Rusiya hərbçiləri təşkil edib. Bu fəlakət nəticəsində Ukraynanın Xerson vilayətinin 16 yaşayış məntəqəsi su altında qalıb, azı 52 nəfər ölüb. Ölkə iqtisadiyyatına təqribən 300 milyon dollar ziyan dəyib.

Avropada ən nəhəng hesab olunan Zaporojye AES-də avqustun 11-də yanğın baş verib. Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, yanğını "Rusiya işğalçıları törədiblər". Həmin AES Zaporojye vilayətinin Rusiya hərbçilərinin nəzarəti altında olan hissəsində yerləşir. Hazırda stansiyada yanğın söndürülüb. Ancaq yanğının və ya ona oxşar qəzanın təkrar baş verməyəcəyinə zəmanət yoxdur.

Rusiyanın Kursk vilayətinə Ukrayna hərbçilərinin müdaxiləsi AES-lərlə bağlı problemi yenidən gündəmə gətirib. Rusiya Federasiyası Kursk AES-ə Ukraynanın hücum edəcəyinə dair məlumat yayıb, onun qarşısını almaq üçün müdafiə istehkamları qurub. Belə bir vəziyyət Çernobıl faciəsinin təkrarlanma ehtimalını artırır.

Qeyd edək ki, 2024-cü ilin yanvarına olan məlumata əsasən, Rusiya ərazisində hazırda 11 AES-də 37 enerji bloku istismar olunur. Onların ümumi gücü 28.5 GVt-dan çoxdur.

Ukraynada isə 4 AES-də 15 enerji bloku fəaliyyət göstərir.

Zaporoyjedəki stansiyada baş verən yanğından sonra Moskva və Kiyev qarşılıqlı ittihamlarla çıxış edib.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi bildirib ki, stansiyaya dronla endirilən zərbə nüvə obyektinin əsas reaktorlarına təsir göstərməyib: "Bu məsuliyyətsiz hücumlar stansiyada nüvə təhlükəsizliyini təhdid edir və qəza riskini artırır. Belə hücumlar dərhal dayandırılmalıdır".

Deməli, perspektivdə Ukraynanın dörd, Rusiyanın isə on bir AES-i nüvə təhlükəsi mənbəyidir. Çünki Moskva rəsmiləri Ukraynanı nüvə silahı ilə dəfələrlə hədələyib. Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bu ilin yanvarında bildirmişdi: "Kiyevin RF-dəki buraxılış qurğularını Qərb raketləri ilə məhv etmək cəhdləri Rusiyanın nüvə silahından istifadəsinə əsas olacaq".

Qərb ölkələrinin bir çoxu Ukraynaya verdikləri silah və hərbi texnikadan federasiya ərazisində istifadəyə icazə verib. Bu isə D.Medvedevin açıqlamasında irəli sürdüyü hədənin reallaşma ehtimalını gücləndirir. Ona görə ilk növbədə yeni silah kimi AES-lər göz önünə gəlir. Zaporojye AES-ə edilən dron hücumu da buna örnək sayıla bilər. Bu zaman məsuliyyəti hansı tərəfin daşıdığını da müəyyən etmək çətin olur, yaxud tərəflər törətdikləri əməli etiraf etmirlər.

Beləliklə, dünya yeni silahın, AES-lərin partladılması təhlükəsi ilə üz-üzədir. Azərbaycanın qonşuluğunda iki ölkədə belə stansiyalar fəaliyyət göstərir: Ermənistanda "Metsamor" və İranda "Buşehr" AES.

Qonşu ölkələr "Metsamor" AES-in istismara yararsız olduğuna dair AEBA-ya dəfələrlə müraciət edib. Təəssüf ki, agentlik hələ də bu çağırışlara laqeyd yanaşır.

"Metsamor" stansiyası Türkiyə sərhədindən 17.5 kilometr, İran sərhədindən 60 km, Azərbaycan sərhədindən isə cəmi 75 km məsafədə yerləşir. Ermənistanın hazırkı böhranlı vəziyyətində stansiyaya qulluq etmək üçün maliyyə vəsaiti çatışmadığı istisna edilmir. Bu isə onun təhlükəsiz istismarının mümkün olmadığını söyləməyə əsas verir. Hələ bir neçə il əvvəl ABŞ dövlət katibi müşavirinin Avropa və Avrasiya məsələləri üzrə ovaxtkı müavini Erik Rubinin sədrlik etdiyi iclasda bu stansiyanın fəaliyyəti də müzakirə olunmuşdu. Onda Ermənistan stansiyanın fəaliyyətini dayandıracağına dair sənəd imzalamışdı. Sənədi Ermənistan tərəfdən keçmiş energetika naziri Armen Movsisyan, ABŞ tərəfdən isə Ermənistandakı keçmiş səfir Con Heffern imzalamışdılar. Onda səfir bildirmişdi ki, ABŞ Avropa İttifaqının (Aİ) sözügedən AES-in 2016-cı ilədək dayandırılacağı barədə mövqeyini bölüşür.

Göründüyü kimi, Ermənistan hakimiyyəti AES-in fəaliyyətini dayandıracağı ilə bağlı öhdəliyi yerinə yetirmir. Bu stansiyanın mövcudluğu Cənubi Qafqazda yaşayan 17 milyon insanın həyatını, sağlamlığını təhlükə altında qoyub. Əgər regionda qarışıqlıq yaratmaq istəyən qüvvələrdən biri "Metsamor" AES-ə Zaporojyedəki olduğu kimi, dron hücumu həyata keçirərsə, o zaman fəlakətin miqyası böyük olar. Belə bir şəraitdə sual yaranır: istismar müddəti başa çatan stansiyanın təhlükəsizliyi təmin olunur? Elə İrandakı Buşehr AES-lə bağlı oxşar ehtimalı da irəli sürmək mümkündür. Orada baş verəcəyindən ehtiyat edilən mümkün hadisə isə Güney Azərbaycan türklərinin həyatına birbaşa təhlükədir.

Rusiyanın Ukraynada əsas hədəfləri enerji mənbələrdir. Yəni söhbət adi transformatorların, yarımstansiyaların, yaxud istilik elektrik stansiyalarının partladılmasından getmir. Kaxovka SES-in dağıdılması və Zaporojye AES-in dronla vurulması bu tip obyektlərin hədəfdə olduğunu təsdiqləyir. Odur ki, dünya Rusiya-Ukrayna müharibəsində tətbiq edilən yeni silahın - AES sınağının şahidi olur...

"Report" İnformasiya Agentliyi

0.095005989074707