Xırdalanda yeni təmizlik üsulu: Konteynerləri küçəyə boşaldıb, traktorla yığırlar

Abşeron rayonu, Xırdalan şəhərində antisanitar vəziyyət hökm sürür.

Xeber-ps.com xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülərdən aydın olur ki, tullantıları aparmaq üçün müvafiq texnikalar yerinə traktorlardan istifadə olunur. Belə ki, tullantılar əvvəlcə zibil konteynerlərindən asfalta tökülür, daha sonra yerdən toplanaraq antisanitar vəziyyətdə digər yük maşınına boşaldılır.

Sözügedən hal vətəndaşların ciddi narazılığına səbəb olub.

Xeber-ps.com məsələni aydınlaşdırmaq üçün Abadlıq və Kommunal Xidmətlər İdarəsinə sorğu ünvanlayıb.

Qurumun rəis müavini Vəli Abbasov həm qəribə, həm də maraqlı açıqlama verib:

"Məsələdən məlumatlıyıq. Texnikamız çatmadığı üçün traktorlar vasitəsilə tullantıları yığırıq. Xırdalanda texnika yoxdur. Sadəcə, üç-dörd ədəd xüsusi təyinatlı maşınımız var. Onlarda isə texniki problemlər olduğu üçün istifadəyə yaramır. Zibilləri öz daxili gücümüzə təmizləyir və ya icarəyə maşın götürürük".

Məhərrəm Əliyev

0.1061270236969