Ermənistanda tikinti sektoru çökür

Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin çökdürmədiyi, korrupsiyaya bulaşdırmadığı sahə qalmayıb. İqtisadiyyatın önəmli sahələrindən biri sayılan tikinti sektoru isə hakim partiyanın oliqarxları tərəfindən elə bir vəziyyətə gətirilib ki, hazırda bu sahədə də ciddi çöküş qeydə alınır.

Bütün tikinti layihələri əsasən dövlət məmurlarının nəzarəti altındadır və bu sahədə müşahidə edilən yeyinti və korrupsiya faktları artıq fantastik həddə çatmaqdadır. Əvvəlcədən hazırlanmış plan əsasında dövlətin sifarişi üçün elan edilən tender məmurların şirkətlərinə verilir, müxtəlif məhsul və tikinti materiallarının alınması üçün təqdim edilən rəqəmlər isə 5, bəzən 10 dəfə şişirdilir. Əvəzində isə çox keyfiyyətsiz materiallar alınır. Bunun sübutu isə baş nazirin Armavir və Lori bölgələrinə səfəri zamanı yeni tikilmiş məktəblərdəki biabırçı vəziyyətin ortaya çıxmasıdır. Məsələn, tikinti zamanı bazar dəyəri 2 min dram olan duşun alış qiyməti bəyannamədə 75 min dram göstərilib.

Məsələ təkcə bununla da bitməmişdi, kadrlar tikintinin çox keyfiyyətsiz həyata keçirildiyini, xeyli dövlət vəsaitinin mənimsənildiyi faktını üzə çıxarmışdı. Bununla belə, sözügedən məsələ ilə bağlı Şəhərsalma Komitəsinin sədri Armen Qularyandan başqa cəzalandırılan şəxs olmadı. Paşinyanın əmri ilə Qularyan işdən qovuldu və ailə üzvlərinin 2021, 2022-ci illər üzrə illik gəlir bəyannamələri təhlil edilərək korrupsiya faktları ortaya qoyuldu. Qısacası, bu məsələdə korrupsiyaya bulaşan bir sıra adam olsa da, sadəcə Qularyan "günah keçisi" kimi cəmiyyətə təqdim edildi.

Faktlar bununla da bitmir. Bu yaxınlarda Vaqarşapat meri Diana Qasparyan 300 min dram məbləğində cərimələnib. Səbəb isə merin qayınanasına məxsus şirkətə tikinti icazəsi verməsidir. Burada hakim komandanın maraqlarının Qasparyanla toqquşması medalın görünməyən üzüdür. Diana "Nare Pius" MMC-nin direktoru Ruzanna Asatryana tikinti icazəsi verilməsi ilə bağlı 20 qərar qəbul edib. Bu isə vəzifə səlahiyyətlərini aşmaq, sui-istifadə hallarıdır. Amma sui-istifadə halları ilə bağlı erməni KİV-də kifayət qədər material dərc olunsa da, faktlar ortaya qoyulsa da, nədənsə cəzalandırılan Vaqarşapat meri oldu. Bu da bir çox suallar yaradır.

Digər bir fakta müraciət edək; "N&S Construction" və "Kaer Construction" MMC-lər Davtaşen rayonu, Anastas Mikoyan küçəsi, 64 ünvanında şərti olaraq "Davtaşen Siti" məhəlləsi adlandırılan, 6 binadan ibarət çoxmənzilli-çoxfunksiyalı kompleks inşa edirlər. Maraqlıdır ki, binadan ev alan şəxslərə sertifikat, sənəd verilmir. Şikayətlər, müraciətlər isə nəzərə alınmır. Hətta şirkətə müraciət edənlər təhqir edilir, qovulur. Polis isə baş verənləri kənardan izləyir. Ərazi bələdiyyəsi, məsul dövlət qurumları ağzına su alaraq susub. Bunun isə səbəbi var. Çünki "N&S Construction" şirkətinin əsas payçısı Milli Təhlükəsizlik Xidməti İstintaq İdarəsinin keçmiş rəhbəri Artur Ağacanyanın həyat yoldaşı Armine Yeqiazaryan imiş. Ortaya çıxan faktlar göstərir ki, tikintiyə icazə üçün şirkət tərəfindən bələdiyyəyə 14 avtomobil rüşvət kimi verilib.

Faktlar bununla da bitmir. "Vətəndaş sazişi"nin deputatı Sergey Baqratyanın şirkəti qanunsuz qum hasilatı biznesini dayandırmaq əvəzinə, daha da genişləndirib. 2023-cü ilin noyabrında Ararat vilayətinin Rançpar kəndində 64 hektarlıq torpaq sahəsində qanunsuz qum çıxarılması barədə "Hetq" qəzeti məlumat yayıb. Bu məlumatdan sonra İstintaq Komitəsində cinayət işi başlansa da, bu, deputata məxsus "Ararak" şirkətinə qanunsuz qum-mədən biznesini genişləndirməyə mane olmayıb.

2024-cü ildə sözügedən ərazidə növbəti qum mədəni istismara verilib. Maraqlıdır ki, şirkətin istismarına rəsmi icazə alınmayıb və ərazi dövlətə məxsusdur. Bununla belə, deputatın şirkəti hər gün 100 yük maşını qum satışını həyata keçirir. Göründüyü kimi, qanunsuzluq şəraitində dövlətə məxsus şirkət tərəfindən ərazinin sərvətləri talan edilir. Şirkət isə Sergeyin həyat yoldaşı Naira Akopyan tərəfindən təsis edilib.

Yuxarıda sadalanan faktları artırmaq olar. Çünki hər gün erməni mediasında bu tip faktlara kifayət qədər rast gəlmək mümkündür. Bu əməllərlə Paşinyan hökuməti Ermənistandakı tikinti sektorunu ağlar günə qoyub. Hələ bu da azmış kimi, son vaxtlar qanunvericilik bazasında tikinti şirkətlərinin fəaliyyətinə mane olan, daşınmaz əmlakın qiymətini süni şəkildə artıran dəyişikliklər edilib. Nəticədə, bu gün daşınmaz əmlak bazarı çöküş perspektivi ilə durğunluq tendensiyalarını göstərir.

Hazırda Ermənistandakı daşınmaz əmlak bazarında satış göstəriciləri getdikcə azalır. Bu tendensiya ilin əvvəlindən başlayıb və artan xətlə davam edir. Yeni şəhərsalma layihələrində də azalma müşahidə edilir. Bunun səbəbi isə yeni qanunla gəlir vergisinin qaytarılması proqramının ilin sonunda ləğv edilməsidir. Artıq şirkətlər yeni layihələrə başlamadan əvvəl daha dərindən düşünməyə başlayıblar. Bu isə özəl şirkətləri bazardan çıxarmaq, məmurlara məxsus şirkətlərə qol-qanad açmaq üçün meydanı təmizləmək üçün nəzərdə tutulub.

Bu gün alıcılar deflyasiya olacağını, qiymətlərin aşağı düşəcəyini gözləyirlər. Amma reallıq göstərir ki, qiymətlər süni şəkildə getdikcə artır. Çünki tikintinin dəyəri yalnız dövlət tərəfindən qoyulan maliyyə öhdəlikləri, rayon icra strukturları tərəfindən qoyulan əlavə maliyyə öhdəlikləri, tikinti materiallarının alınması hesabına getdikcə bahalaşır. Alıcıların da qiymətlərin düşəcəyini gözləməsi satışın azalmasına təsir edən komponentlər sırasındadır.

Digər komponent faktiki statistikanın sənədləşdirilmiş statistikaya uyğun gəlməməsidir. Belə ki, Kadastr Komitəsi tikilməkdə olan binadan daşınmaz əmlakın alqı-satqı müqaviləsinin nəticəsini qeydə almır, yekun mənzillərin artıq tikintisi başa çatmış binadan alıcılara verilməsini qeyd edir. Statistika belə formalaşır. Amma indi tikinti mərhələsində alqı-satqı hüquqlarının imzalandığı bir çox layihələr var, lakin onlar statistikada öz əksini tapmayıb. Statistikada yalnız tikilməkdə olan, tikililər başa çatdırılmış və son mülkiyyət şəhadətnamələri alıcılara təhvil verilmiş əmlaklar əks etdirilir. Yuxarıda da qeyd edildiyi kimi, dövlət məmurlarının nəzarətində olan bir sıra tikinti şirkətləri alıcılara sənəd verməkdən boyun qaçırır.

Hökumətin xoşagəlməz siyasəti nəticəsində tikinti xərclərinin artması tendensiyası sürətlə davam edir. Məsələn, 2024-cü il yanvarın 1-dən Ağsaqqallar Şurasının "İrəvan şəhərində yerli rüsumların və ödənişlərin müəyyən edilməsi haqqında" müvafiq hüquqi aktları qüvvəyə minib. Əgər Memarın layihə təyinatı adlı sənəd əvvəllər pulsuz idisə, indi onun dəyəri bir neçə milyon dram, şəhərsalma layihələrində isə ərazidən asılı olaraq bir neçə yüz milyon dram dəyərindədir. Əvvəllər 700 min dram olan "Tikintiyə icazə" adlı sənəd indi bir neçə bir neçə milyona, fərdi şəhərsalma layihələrində isə ərazidən asılı olaraq bir neçə yüz milyon dram olub. Layihənin yenidən müzakirəsi, aralıq ödənişlər, tikintiyə icazə müddətinin uzadılması ilə bağlı vəziyyət eynidir.

Dövlət bu yaxınlarda ƏDV-nin ilkin olaraq tutulması sisteminin layihəsini dövriyyəyə buraxmağa başlayıb. Başqa sözlə, ilkin tikinti icazəsi ilə müəyyən edilmiş müddətdə ƏDV-nin tutulmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi ilə bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi yayılıb. Qəbul edilsə, bu, podratçılara daha bir zərbə olacaq. Vergi Məcəlləsində edilən bu dəyişikliklə ilkin tikintiyə icazə verilən müddətdə ƏDV-nin tutulması böyük zəlzələyə səbəb olacaq. Əgər inşaatçı tikintiyə icazənin müddətini uzadırsa, bu, o deməkdir ki, onun artıq ya maliyyə xarakterli, ya alıcılarla, ya da şəhərsalma layihəsi ilə bağlı problemi var, yəni layihəni başa çatdıra bilmir. Bu vəziyyətdə, alıcılar qarşısında götürdüyü öhdəlikləri lazımi şəkildə yerinə yetirmək üçün şirkətə dəstək vermək əvəzinə, dövlət daha bir şey söyləyəcək: "ƏDV-ni ödəyin". Bu isə tikinti şirkətlərinə əlavə öhdəlik olacaq.

Buraya təchizatçı təşkilatların, HEP, "Veolia Water", "Qazprom Ermənistan" QSC-nin tikinti şirkətlərinə qarşı davranışı əlavə olunur: uzaq yerlərdən texniki şərtlərin təmin edilməsi və ya qoşulma haqqı tariflərinin əhəmiyyətli dərəcədə artırılması və ya obyektiv imkansızlığın yaradılması.

Qeyd etmək yerinə düşər ki, 2023-cü il Ermənistan ÜDM-in (Ümumi Daxili Məhsul) 15.3 faizini təşkil edib. Bu sektorda çöküşün başlaması isə ÜMD strukturunda ciddi şoklara səbəb olacaq. Fiskal sistemdə ödənilən vergilər, verilən iş yerləri dəfələrlə azalacaq.

Görünən odur ki, dövlət artıq dövlət səviyyəsində dəstək verməkdə, iqtisadiyyatın bu sahəsini inkişaf etdirməkdə maraqlı deyil. Bir dəstə problem qarşısında tək qalaraq, biznes təbii olaraq bu tempdə daha da davamlılığı təmin edə bilməyəcək və nəticədə layihələndiricilərin bir hissəsi başqa ölkələrə köçərək tikinti işlərini orada həyata keçirəcək, digər hissəsi isə biznes istiqamətlərini dəyişərək, pul qazanmaq və sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün iqtisadiyyatın digər sahələrində işləməyə çalışacaqlar və dövlətin iqtisadi həyatında strateji və təhlükəsizlik əhəmiyyəti olan bu sahə yavaş-yavaş geriləyəcək. Bunun digər mənfi tərəfi isə Ermənistanda tikinti sahəsində çalışan minlərlə, on minlərlə insanın işsiz qalması, ölkədən miqrasiya edərək xarici ölkələrdə iş axtarması olacaq. Bu isə hakim partiyanın zərrə qədər də vecinə deyil.

Bu gün "Vətəndaş sazişi"nin siyasi elitasını düşündürən yeganə məsələ tikinti sektorunda monopoliyanı ələ keçirmək, özəl şirkətləri oyundan kənarlaşdırmaqdır. Bunun üçün isə dövlət ruporundan, qanunlardan eninə-boluna istifadə edilir.

"Report" İnformasiya Agentliyi

0.24402713775635