Gürcüstan cüdoçusu Olimpiadadan kənarlaşdırılıb

Fransanın paytaxtı Parisdə keçirilən Olimpiya Oyunlarında Gürcüstan cüdoçusu Quram Tuşişvili 100 kiloqramdan yuxarı çəki dərəcəsində 1/4 finalda fransalı Teddi Rinerlə görüşdə qeyri-idman hərəkətinə görə diskvalifikasiya olunub.

Xeber-ps.com "RBC"yə istinadən xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının (IJF) verdiyi məlumata görə, münaqişənin araşdırılması üçün xüsusi intizam komissiyası çağırılıb.

12 qat dünya çempionu Teddi Rinerə uduzan Tuşişvili tatamidən qalxarkən rəqibini itələyərək əlini onun üzünə qoyub. Bu hərəkətinə görə Tokio Olimpiadasının vitse-çempionu Tuşişvili fərdi yarışdan kənarlaşdırılıb və üçüncü yer uğrunda görüşdən əvvəl avqustun 2-də keçiriləcək təkrar görüşdə mübarizə aparmaq hüququnu itirib.

İdmançı, həmçinin avqustun 3-də şənbə günü qarışıq komanda yarışında da iştirakdan kənarlaşdırılıb.

"Gürcüstanlı cüdoçunun davranışı "cüdo ruhuna" zidd olduğundan, vəziyyəti araşdırmaq üçün dərhal xüsusi intizam komissiyası çağırılıb", - deyə IJF-in rəsmi saytında bildirib.

Beynəlxalq Cüdo Federasiyasının bəyanatında bildirilir ki, Quram Tuşişvili IJF İntizam Komissiyası yekun qərar qəbul edənə qədər hər hansı beynəlxalq cüdo yarışında iştirakdan kənarlaşdırılıb.

0.067137002944946