Azərbaycanda turizmlə bağlı yeni mərkəz yaradıldı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzinin yaradılması haqqında Fərman imzalayıb.

Xeber-ps.com President.az-a istinadən bildirir ki, turizm və rekreasiya zonaları sahəsində idarəetməni təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin (bundan sonra - Agentlik) tabeliyində "Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzi" publik hüquqi şəxs (bundan sonra - Mərkəz) yaradılır.

Fərmanla müəyyən edilir ki, Mərkəz Azərbaycan Respublikasında turizm və rekreasiya zonalarının fəaliyyətinin təşkilini, onların idarə olunmasını və inkişaf etdirilməsini həyata keçirən publik hüquqi şəxsdir. Onun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr və onun iki müavini daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılacaq.

Mərkəzin fəaliyyətinə cari rəhbərliyi icraçı direktor həyata keçirəcək. Qurumun saxlanılması və fəaliyyətinin təmin edilməsi onun fəaliyyətindən əldə edilən gəlir, ianələr, qrantlar və qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçiriləcək.

Mərkəzin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi istiqamətində qurumun idarəetmə orqanlarının yaradılması, onun yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidentinə; Mərkəzin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi Nazirlər Kabinetinə həvalə edilir.

Dövlət Turizm Agentliyinə bu fərmanın 3.1-ci və 3.2-ci bəndlərində qeyd edilənlər istisna olmaqla, "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli tapşırılır.

Nazirlər Kabineti mərkəzin nizamnaməsini iki ay müddətində təsdiq etməli, onun fəaliyyətinin təşkili üçün maddi-texniki təminat məsələlərinin həlli ilə bağlı üç ay müddətində zəruri tədbirlər görməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Həmçinin, DTA-ya mərkəzin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görmək, mərkəz dövlət qeydiyyatına alındıqdan sonra onun strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşı, vəzifə maaşına əlavələr, mükafatlar və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etmək, bu fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görmək həvalə olunub.

Eyni zamanda, Prezident İlham Əliyev "Turizm və rekreasiya zonalarının Nümunəvi Əsasnaməsi"nin təsdiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Turizm və rekreasiya zonalarının Nümunəvi Əsasnaməsi ilə bu linkdən tanış olmaq mümkündür.

0.24311590194702