ABŞ-nin, yoxsa erməni lobbisinin senatoru - Ben Kardinin qərəzi

Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən, erməni lobbisindən yemlənən qüvvələr yenidən fəallaşıblar. Onlar Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası prosesinin getdiyi ərəfədə azərbaycanofobiya və separatizmi dəstəkləyən bəyanatların sayını artırıblar. Bu sırada Qərbdə anti-Azərbaycan qüvvələrin güclü dəstək verdiyi qondarma qurumlar da var.

"Dağlıq Qarabağ qaçqınlarının hüquqlarının müdafiəsi" adlı saxta təşkilat iddia edib ki, Azərbaycan torpaqlarında "çoxəsrlik erməni mədəni irsi" məhv olur. Sözügedən "qurum" adından UNESCO təşkilatına ünvanlanan məktubda işğaldan azad edilən ərazilərdə xristian abidələrini qorumağa çağırış edilib.

Digər bir müraciət isə Roma Papası Fransiskə ünvanlanıb. Bu məktubda da "beynəlxalq ictimaiyyəti erməni qaçqınlara təcili humanitar yardım göstərməyə və onların təhlükəsizliyini, şəxsiyyətini və öz torpaqlarına qayıtmaq üçün fundamental hüquqlarını təmin etməyə" çağırış əks olunub.

Separatçıları təmsil edən təşkilatla yanaşı, amerikalı senator Benjamin (Ben) Kardin də prosesə qoşulub. Ermənidən artıq erməni olmağa cəhd göstərən ABŞ Senatının beynəlxalq münasibətlər üzrə komitəsinin sədri artıq neçənci dəfədir ki, Azərbaycanı hədəfə alır. Bu dəfə bir az da irəli gedərək kollektiv Qərbi Azərbaycanın Ermənistan torpaqlarını "işğal" etməsinə səssiz qalmaqda ittiham edib. O iddia edib ki, həmin ərazilər Ermənistan üçün strateji əhəmiyyət kəsb edir.

"Mübaliğəsiz, Azərbaycan Ermənistanın strateji hissəsini işğal edir. Beynəlxalq ictimaiyyət tərəfindən çox böyük təlaş görmürəm", - Kardin Senatın xarici əlaqələr üzrə komitəsində keçirilən dinləmələrdə deyib.

Beləliklə, separatizmin qızğın dəstəkçisi yenə də Ermənistandan fərqli mövqe nümayiş etdirmək qərarına gəlib. Halbuki, İrəvan həmin ərazilərlə bağlı hər hansı bir irad və narahatlıq ifadə etməyib.

Qeyd edək ki, Kardin rüşvət almaqda ittiham olunan ermənipərəst senator Bob Menendesi əvəzləyib. Demokrat senator, Merilend ştatından olan Kardin əvvəllər Nümayəndələr Palatasının üzvü, 2007-ci ildən isə Senatın Xarici Əlaqələr Komitəsinin üzvü olub.

Ötən ayın əvvəlində ermənipərəst konqresmenlərdən ibarət heyət Ermənistanda səfərdə olub. B.Kardin də həmin heyətin tərkibində idi. Məlumata görə, nümayəndə heyətinə Respublikaçılar Partiyasından olan, ABŞ-nin Missisipi ştatının senatoru, Helsinki Komissiyasının üzvü, Senatın Silahlı qüvvələr üzrə komitəsinin üzvü Rocer Uiker başçılıq edib.

Məlumat üçün bildirək ki, B.Kardin amerikalı qanunvericilər arasında qatı ermənipərəst mövqeyi ilə seçilən biridir. Dəfələrlə Qarabağda separatçı hərəkata dəstək verməklə yanaşı, Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı əsassız, qərəzli bəyanatlar səsləndirib.

Şübhəsiz ki, bu qərəzli yanaşmanın arxasında, ilk növbədə, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi durur. Separatizmə son qoymaqla yeni bir ilkə imza atan Azərbaycan, bununla yanaşı, COP29 kimi beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi edəcək. Azərbaycan 2024-cü ildə qlobal səviyyədə ən mötəbər tədbirlərdən biri olan COP29-a ev sahibliyi etməyə layiq görülüb. Bu qərarı beynəlxalq aləmin bütün üzvləri, o cümlədən ABŞ də dəstəkləyib.

Ancaq B.Kardin ölkəsinin mövqeyinə qarşı çıxır. Kardin və onunla həmfikir olanlara tövsiyə edirik ki, Azərbaycan əleyhinə birtərəfli və qərəzli fikirlər səsləndirmək əvəzinə, diqqətlərini ABŞ Senatının Xarici Əlaqələr Komitəsində kök salmış korrupsiya, rüşvətxorluq və digər bu kimi qanunsuz əməllərə yönəltsin. Sələfi senator R.Menendesin uzun müddət komitə çərçivəsində rüşvətxor əməlləri, oğurluq faktları, erməni himayədarları ilə şəxsi maraqlar üzərində qurulmuş birgə fəaliyyəti nəzərə alındıqda bu ağır korrupsiya irsinin araşdırılması senator Kardin üçün daha faydalı olar.

Sual olunur - qondarma "amerikan müstəsnalığı"nın əsiri olan Ben Kardinə, görəsən, kim "beynəlxalq ictimaiyyət" adından danışmaq səlahiyyəti verib?! Beynəlxalq ictimaiyyət dünyada BMT-dən sonra ən böyük təsisat olan Qoşulmama Hərəkatı, dörd il ona rəhbərlik edən Azərbaycan və 120 ölkədir. Beynəlxalq ictimaiyyət dünyada ən böyük tədbir hesab olunan COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərar verən dünya ölkələridir.

Səlibçi düşüncəli Ben Kardin insan hüquqları ilə bağlı çox narahatdırsa, onda qoy elə ABŞ-nin özündə yerli amerikalıların hüquqlarının təmin olunması ilə məşğul olsun, polis vəhşiliyinə, silahlı zorakılığa qarşı səsini qaldırsın.

Onu da qeyd edək ki, Ben Kardin komitə sədri seçiləndə Qarabağdakı son proseslərdən danışarkən Birləşmiş Ştatların Azərbaycana təhlükəsizlik yardımını dayandırmalı olduğunu bildirmişdi.

Sonda bir məsələni ermənipərəst senatorun və onunla həmrəy olanların diqqətinə çatdırmaq istərdik. Azərbaycanın heç bir xalqın və dövlətin torpağında gözü yoxdur. Ölkəmiz heç vaxt etnik təmizləmə aparmayıb və belə bir niyyəti də yoxdur. Etnik təmizləməni hər zaman Ermənistan hökuməti aparıb və təsadüfi deyil ki, bu monoetnik dövlətin ərazisində bir nəfər də olsun azərbaycanlı yoxdur.

Bir daha vurğulamaq istərdik ki, okeanın o tayında Cənubi Qafqazda sabitlik və rifaha etiraz edən qüvvələrin səyi nəticəsiz qalacaq.

"Report" İnformasiya Agentliyi

0.085242986679077