Ötən gün Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələr Serdar Kılıç və Ruben Rubinyan arasında iki ölkənin sərhədində danışıqların beşinci raundu keçirilib.
Əvvəlcə Marqara nəzarət-buraxılış məntəqəsini gəzən Serdar Kılıç və Ruben Rubinyan görüşün konstruktiv mühitdə keçdiyini bildiriblər. Serdar Kılıç erməni həmkarı ilə normallaşma prosesinin bütün aspektlərinin və gələcək irəliləyiş imkanlarının müzakirə edildiyini, Ermənistan Xarici İşlər Nazirliyi isə tərəflərin Akyaka/Axurik dəmiryol sərhəd qapısının regional inkişaflara uyğun olaraq istifadəyə veriləcəyi təqdirdə tələb olunacaq texniki ehtiyacları qiymətləndirmək və diplomatik pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəldiklərini deyib. Eləcə də, xüsusi nümayəndələr son məqsədi tam normallaşma olan bu prosesi heç bir ilkin şərt olmadan davam etdirməyə razı olduqlarını təsdiqləyiblər.
Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan sülh müqaviləsinin bağlanması üçün Ermənistana ilkin şərt irəli sürüb və Ermənistanın konstitusiyasında dəyişiklik edilməsini, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının ölkənin əsas sənədindən çıxarılmasını tələb edir.
Bu baxımdan, Türkiyənin Ermənistanla münasibətləri normallaşdırması həm də bu prosesə müdaxilə edən qüvvələrə qarşı balans formalaşdırmaq və dolayısı ilə şərtlərin yerinə yetirilməsini təmin etmək baxımından əhəmiyyətli hesab olunur.
Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general-mayor Yücel Karauz Xeber-ps.com-a açıqlamasında bildirib ki, Ermənistanla Türkiyə arasında davam edən danışıqlar və baş tutan görüşlər Azərbaycanın məlumat və koordinasiyası əsasında həyata keçirilir:
"Çünki bu proses Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə, beləliklə Cənubi Qafqazda sabitliyin bərpasına aparan yolun bir mərhələsidir. Qarabağ zəfərindən sonra Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinə nail olmaq üçün Türkiyə-Ermənistan münasibətlərinin həlli ilə bağlı qarşılıqlı nümayəndələr təyin edilib. Nümayəndələr bu günə qədər beş görüş həyata keçiriblər. Sonuncu görüş iki il əvvəl baş tutmuşdu. Ermənistanın müsbət addımlar atmaması, özünü etibarlı tərəf kimi göstərməməsi, Üçtərəfli Bəyannamənin bəndlərini yerinə yetirməməsi, konstitusiyada Türkiyə və Azərbaycana qarşı irəli sürülən ərazi iddialarının aradan qalxmaması görüşlərin intensivliyini azaltmışdı".
"Görüşdə iki əsas mövzu müzakirə edilib. Bunlardan biri əgər gələcəkdə dəmir yolunun keçdiyi sərhəd ərazi açılsa, onun təmir-bərpa işləri ilə bağlı layihə hazırlanması, digəri isə diplomatik pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq idi. Təbii ki, rəsmi açıqlamaların xaricində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi və Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması məsələləri də müzakirə edilib. Lakin Türkiyənin Azərbaycanın razılığı olmayan heç bir məsələdə addım atmayacağı, sərhədləri açmayacağı, Ermənistanla münasibətləri normallaşdırması müzakirə mövzusu deyil", - deyə türkiyəli general vurğulayıb.
Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov isə Xeber-ps.com-a açıqlamasında Türkiyənin Ermənistanla sərhədlərini hansı halda açacağı ilə bağlı mövqeyinin Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi dövrdən bu günə qədər dəyişməz olaraq qaldığını xatırladıb:
"Prinsip etibarilə Ermənistanla Türkiyə arasında münasibətlərinin sıx və etibarlı olması bütün region üçün vacib amildir. Türkiyə də bu münasibətlərdən istifadə edərək və Azərbaycanın maraqlarını da nəzərə almaqla prosesləri daha da inkişafa doğru apara bilər. Çünki Türkiyə-Ermənistan münasibətləri Ermənistan-Azərbaycan münasibətlərinin yaxşı olmasında əsas faktorlardan biridir".
"Məlumdur ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına mane olan qüvvələr var. Türkiyə isə həm Ermənistanla qonşuluq münasibətlərinin inkişaf etdirilməsini istəyən, həm də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına və gələcəkdə qonşuluq siyasətinin inkişafına mane olan qüvvələrə qarşı çıxan nadir ölkələrdəndir", - deyə ekspert vurğulayıb.
Türkiyənin "3+3" formatının əsas iştirakçılarından biri olduğunu deyən Ramaldanov bu formatda olan ölkələrin regionda gedən proseslərdə fəal iştirakının tərəfdarıdır:
"Çünki Türkiyə Ermənistanla münasibətlərini İrəvanın Bakı ilə münasibətlərini nəzərə alaraq qiymətləndirir:
"Ermənistan da Türkiyə ilə sərhədlərin açılmasında çox maraqlıdır. Çünki Azərbaycandan sonra ikinci dövlət Türkiyədir ki, Ermənistanla ən böyük quru sərhədinə malikdir. Lakin Türkiyənin Ermənistanla sərhədi açması Bakı-İrəvan münasibətləri prizmasından keçir. Bir sözlə, Türkiyə-Ermənistan münasibətlərinin inkişafı Azərbaycan-Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin yekunlaşmasına təsir edə bilər. İrəvan da bunu nəzərə alaraq, dildə sülhdən danışıb, əməldə təxribat törətməməlidir. Prosesləri götür-qoy edib addımlarını sülh müqaviləsinin bağlanması istiqamətində atmalıdır".
"Region ölkələri bir-biri ilə nə qədər səmimi münasibətlər qursalar, normal qonşuluq siyasətinə köklənsələr, inkişaf da bu faktordan asılı olacaq. Bu regiona sülh və əmin-amanlıq hər şeydən daha çox lazımdır. Bu baxımdan, Ankara-İrəvan münasibətlərinin normallaşması həm də Ermənistan cəmiyyətinin türk dünyası ilə bağlı baxışlarını müsbətə doğru dəyişəcək və onları sülhə, təhlükəsizliyə xidmət etməyə kökləyəcək. Bu isə həm də sülhə mane olan kənar təsirləri neytrallaşdıracaq", - deyə müsahibimiz fikrini yekunlaşdırıb.
Mərahim Nəsib