Qurban Qurbanov: Linkoln"la görüşdə qalib gəlmək bizim üçün önəmlidir"

"Qalib gələcəyimiz təqdirdə UEFA Konfrans Liqasının qrup mərhələsini özümüz üçün təmin edəcəyik".

Xeber-ps.com xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları "Linkoln"la (Cəbəllütariq) oyun öncəsi mətbuat konfransında deyib.

"Öz stadionumuzda ilk oyunumuzu keçirəcəyik. Pis hazırlaşmamışıq. İlk matçda qalib gəlmişik. Çox yaxşı müdafiə olunmağı bacaran komandaya qarşı mübarizə aparacağıq. "Linkoln"la matçın mahiyyəti bizim üçün önəmlidir və qalib gəlməyə çalışacağıq. Qalib gələcəyimiz təqdirdə UEFA Konfrans Liqasının qrup mərhələsini özümüz üçün təmin edəcəyik. Yeni mövsüm üçün transfer çalışmalarımız davam edir. Əsasən də orta xətti gücləndirmək barədə düşünürük. Qapı xəttini gücləndirmək üçün yeni qolkiper axtarışlarımız davam edir. Hətta hazırda bir qapıçı ilə maliyyə məsələləri müzakirə olunur. Əgər hər şey qaydasında davam etsə, heyəti yeni qolkiperlə gücləndirəcəyik".

Qeyd edək ki, "Qarabağ" - "Linkoln" görüşü iyulun 30-u, saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu komandalar arasında Cəbəllütariqdə baş tutan ilk matç Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Anar Həsənov

0.081894874572754