Azərbaycan UEFA əmsallar cədvəlində bir pillə irəliləyib.
Xeber-ps.com xəbər verir ki, bu, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunlarının nəticəsinə əsasən mümkün olub.
Hazırda 24-cü yerə yüksələn ölkəmizin əmsalı 17.750-yə çatıb. "Zirə" və "Sabah" Azərbaycan üçün hərəyə 0.250 xal qazandırıblar (bu mərhələdə qələbəyə görə bir xal verilir və ölkənin komandalarının sayına (4) bölünür). Onlar müvafiq olaraq Slovakiyanın "DAK 1904" (4:0) və İsrailin "Makkabi" (Hayfa) (3:0) komandalarını məğlub ediblər. Təəssüf ki, "Sumqayıt" evdə Macarıstanın "Fehervar" kollektivinə uduzub - 1:2.
Azərbaycandan bir pillə öndə Rusiya (18.299), bir addım geridə isə Slovakiya (17.625) yer alıb.
55 ölkənin əmsallar cədvəlinə İngiltərə (89.160) başçılıq edir.