I Liqaya yüksələn "Bakı Sportinq" klubu Türkiyənin II Liqa klubu "Tuzlaspor"u iranlı futbolçusunu heyətinə qatıb.
Bu barədə Xeber-ps.com saytına açıqlama verən "Bakı Sportinq" klubunun baş məşqçisi Elman Sultanov bildirib ki, yeni mövsüm üçün artıq doqquz futbolçu heyətə cəlb olunub.
"Komandamız iyulun 15-dən məşqlərə başlayıb. Artıq bu gün "Araz-Naxçıvan"ın əvəzediciləri ilə ilk yoxlama matçında qüvvəmizi sınayacağıq. Hər şey planladığımız kimi davam edir. Hazırlığımızı gündə bir məşq olmaqla klubumuza aid olan yenilənmiş təbii ot örtüklü Buzovna qəsəbə stadionunda keçirik. Seleksiyaya gələn futbolçular var, onlar arasında seçim edirik. Transfer etdiyimiz futbolçuların sayı doqquzdur. Təbii ki, yenə müqavilə imzalayacağımız futbolçular olacaq. Yeni futbolçular yavaş-yavaş bizim məşq prosesinə alışırlar. Yeni mövsüm üçün hədəfimiz yüksək yerlər uğrunda mübarizə aparmaqdır. Təbii ki, hədəfimiz hər qarşılaşmada qalib gəlmək olacaq. II Liqada çempion olan heyətdən üç futbolçunu saxlamışıq. Digərlərinə xidmətlərinə görə təşəkkür edib, yollarımızı ayırdıq. Heyətimizi Türkiyənin "Tuzlaspor"undan iranlı hücumçu Sahin Baleljaeni ilə gücləndirmişik".
Anar Həsənov