"Fransa tərəfindən Ermənistanın "Bastion" çoxməqsədli zirehli avtomobilləri və "Sezar" özüyeriyən artilleriya qurğuları ilə təchiz edilməsi istiqamətdə atılan addımlardan sonra, Avropa İttifaqının Ermənistana hərbi yardım göndərməsi qərarı olduqca yanlış və təhlükəli addımdır və regionda gərginliyin artmasına xidmət edir. Avropa İttifaqı tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır, bölgədə "bölücü xətlər" yaratmaq siyasətinin təzahürüdür".
Xeber-ps.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə "Avropa Sülh Fondu" çərçivəsində Ermənistana hərbi yardım ilə bağlı medianın sualına cavabında deyib.
"22 iyul tarixində Avropa İttifaqı Şurası tərəfindən qəbul edilmiş qərara əsasən, "Avropa Sülh Fondu" çərçivəsində Ermənistana 10 milyon avro məbləğində hərbi yardım edilməsi nəzərdə tutulub. Bu qərarı necə şərh edərdiz?" sualına A.Hacızadə belə cavab verib:
"Ermənistana sözügedən hərbi yardım və belə yardımın gələcəkdə artmasına çağırışlar Azərbaycan Respublikasının ərazilərinin bir hissəsini 30 ilə yaxın dövrdə işğal altında saxlayan, hal-hazırda ərazi bütövlüyümüzə qarşı iddialardan əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirməyə və bölgədə destruktiv fəaliyyətinə xidmət edəcək.
Avropa İttifaqı Şurası tərəfindən verilmiş bu qərara qətiyyətlə etiraz edir, göstəriləcək yardım barədə şəffaf şəkildə məlumatın açıqlanacağını gözləyirik.
Avropa İttifaqı bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə töhfə verən bu kimi addımlara son qoymalı, bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını anlamalıdır. Əks təqdirdə, Ermənistanın sabitliyi pozan hər hansı mümkün təxribatına görə Avropa İttifaqı da məsuliyyəti bölüşəcək".