30 ilə yaxındır ki, Azərbaycan öz iqtisadi, hərbi gücünü artırırdı

“Azərbaycan dövləti və xalqı Vətən müharibəsində möhtəşəm qalibiyyət əldə etdi. Sentyabrın 27-dən başlayaraq aparılan uğurlu hərbi əməliyyatlar noyabrın 10-da Ermənistanın təslimçi anlaşmanı imzalamasını və digər işğal altındakı torpaqlarımızın da azad edilməsini şərtləndirdi. 3 dövlətin başçısının imzaladığı bəyanatda bu məqam öz əksini tapdı. Bundan başqa, imzalanmış razılaşmanın ən böyük üstünlüklərindən biri də Naxçıvanla quru dəhlizin açılmasıdır. Artıq Naxçıvanla Azərbaycanı quru yolu birləşdirir. Bir daha əldə olunan qalibiyyətə görə Azərbaycan xalqını, Ali Baş Komandanımızı və ordumuzu təbrik edirəm”.
Bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib.
Onun sözlərinə görə, sentyabrın 27-dən başlanan əks-hücum əməliyyatları dövründə ölkəmizin ədalətli mövqeyi əksər dövlətlər və təşkilatlar tərəfindən dəstəkləndi. Bu isə onu deməyə əsas verir ki, bizim haqq səsimiz artıq dünyada eşidilir. Bütün bunlar isə müzəffər ordumuzun və Ali Baş Komandanın xidmətləridir. “28 il idi ki, bu və ya digər şəkildə bu münaqişənin həllində vasitəçi olanlar sülhdən başqa bir yolun olmadığını deyirdilər. Amma Azərbaycan Prezidenti sübut etdi ki, bu münaqişənin tənzimlənməsinin hərbi yolu da var. Məhz hərbi yolla torpaqlarımızın azadlığına nail olduqdan, ordumuzun gücünü görəndən sonra Ermənistan kapitulyasiyanı imzaladı. Biz artıq böyük qələbəmizi qeyd edirik”, - deyən F.Əliyev onu da əlavə edib ki, işğalçı ölkə bu zaman kəsiyində erməni lobbisinə və ona himayədarlıq edən ölkələrə arxayın idi və öz şərtlərini diktə etməyə çalışırdı. Amma 30 ilə yaxındır ki, münaqişənin diplomatik həllinə çalışan Azərbaycan həm də öz iqtisadi, hərbi gücünü artırırdı. Məhz Azərbaycanın regionda güclü bir dövlətə çevrilməsi, iqtisadi, hərbi gücünün artması münaqişənin həllində, torpaqlarımızın işğaldan azad edilməsində əsaslı rol oynadı.

0.073947906494141