"İrəvan Azərbaycanla sərhədin delimitasiyası prosesini davam etdirməyə və qısa müddətdə sülh müqaviləsi imzalamağa hazırdır".
Xeber-ps.com-ın erməni KİV-ə istinadla məlumatına görə, bu barədə Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan BRICS-in 10-cu Parlament Forumunda bildirib.
O qeyd edib ki, artıq Azərbaycan-Ermənistan sərhədinin təxminən 12 kilometri delimitasiya olunub və hər iki tərəfin sərhəd xidmətləri sərhədin müvafiq sahələrində yerləşdirilib.
"Ermənistan beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda iddialara malik deyil və delimitasiya prosesinin davam etdirilməsi, həmçinin sülh müqaviləsinin qısa müddətdə tamamlanması və imzalanması üçün konstruktiv və intensiv işə hazırdır", - deyə Rubinyan bildirib.
Rubinyan qeyd edib ki, Ermənistan regional kommunikasiyaların açılması yolu ilə beynəlxalq tranzit marşrutlarının bir hissəsi olmağa nəinki hazırdır, həm də maraqlıdır. Onun sözlərinə görə, Cənubi Qafqazda iri infrastruktur layihələrinin nəinki region ölkələri, elə bir çox ölkələr üçün birləşdirici amil olacağına şübhə yoxdur.
"Cənubi Qafqazda nəqliyyat marşrutlarının bərpası və açılması davamlı regional iqtisadi münasibətlər sisteminin formalaşmasına gətirib çıxarmalıdır", - deyə Ermənistan rəsmisi bildirib.
Rubinyan qeyd edib ki, Ermənistan siyasi dialoqun sağlamlaşdırılması və beynəlxalq münasibətlərdə sabitliyin artırılmasının tərəfdarıdır. Onun sözlərinə görə, İrəvan bütün maraqlı tərəfdaşların bərabərhüquqlu və konstruktiv əməkdaşlığının tərəfdarıdır.
Xatırladaq ki, bir gün əvvəl Vaşinqtonda ABŞ dövlət katibinin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının . Danışıqların nəticəsinə görə, tərəflər sülh müqaviləsinin imzalanması istiqamətində irəliləyişin olduğunu bildiriblər. İrəvan öz növbəsində sənədin tezliklə imzalanmasına hazır olduğunu təsdiqləyib.