"ŞƏT-lə əməkdaşlığın genişlənməsi Azərbaycana sabit bazarların qazanılmasına böyük töhfə verə bilər"

"Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) yalnız üzv dövlətlərin ərazisi Avrasiyanın 65 faizini təşkil edir, əhalisi isə 3,5 milyarddır, dünya üzrə ümumi daxili məhsulun dörddəbir hissəsi ŞƏT-ə üzv ölkələrin payına düşür".

Bunu "Report"a açıqlamasında VI çağırış Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Azər Kərimli deyib.

O qeyd edib ki, təşkilata üzv ölkələrin, eləcə də üzvlük, müşahidəçi statusu üçün müraciət edən, həmçinin dialoq tərəfdaşı statusu əldə etməklə ŞƏT üzvü olmağa potensial namizəd ölkələrin nəhəng təbii və insan resursları, iqtisadi gücü nəzərə alınarsa, bu təşkilatın nə qədər böyük perspektiv vəd etdiyini söyləmək mümkündür:

"Təkcə bu amillər ŞƏT-in Azərbaycan üçün nə qədər böyük əhəmiyyətə malik olduğunu təsdiqləyir. Bu əməkdaşlığın genişlənməsi Azərbaycan iqtisadiyyatının diversifikasiyası və qeyri-enerji sektorunun inkişafı üçün yeni, sabit bazarların qazanılmasına böyük töhfə verə bilər".

A.Kərimli vurğulayıb ki, Azərbaycanın strateji hədəfləri sırasında ölkənin Avrasiyanın nəqliyyat qovşaqlarından birinə çevrilməsi istiqamətində uzun illərdən bəri həyata keçirilən siyasətin yeni istiqamətlərdə davam etdirilməsi mühüm yer tutur.

"ŞƏT ölkələri və bütövlükdə təşkilatla yaxından əməkdaşlıq Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin əhəmiyyətini daha da artıra bilər. Çinin, o cümlədən, Mərkəzi Asiya ölkələrinin, həmçinin ŞƏT-də müxtəlif statuslarla təmsil olunan dövlətlərin Orta Dəhlizə xüsusi diqqət ayırmaları da, bu layihənin rentabelliyinin və cazibədarlığının artırılmasında mühüm rol oynaya bilər", - o deyib.

A.Kərimli bildirib ki, əməkdaşlıq istiqamətlərindən biri də şübhəsiz ki iqlim dəyişiklikləri ilə mübarizə, yaşıl enerjiyə keçidin stimullaşdırılması ilə bağlıdır.

"Azərbaycan ənənəvi enerji ixracatçısı olsa da, bərpa olunan enerji mənbələrinin diversifikasiyasına böyük əhəmiyyət verir və bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirir. Bu sahədə də ŞƏT üzvü olan ölkələrlə əməkdaşlıq genişləndirilə və yeni layihələrin həyata keçirilməsi stimullaşdırıla bilər. Çox güman ki COP29-a hazırlıq çərçivəsində ŞƏT ilə Azərbaycan arasında bu məsələlər də diqqət mərkəzində saxlanılacaq", - o vurğulayıb.

0.28781390190125