İldən-ilə dərinləşən Azərbaycan-Çin münasibətləri: Əməkdaşlığın əsas prinsipləri müəyyənləşib

Bu gün Azərbaycan Avropa, ABŞ-lə yanaşı, həm də Çin, Rusiya, Mərkəzi Asiya ölkələri və s. ilə əlaqələrini inkişaf etdirir və möhkəmləndirir.

Bunların sırasında Çinlə münasibətlərin xüsusi yerinin olduğunu qeyd etmək lazımdır. Çin ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.

Prezident İlham Əliyev ilə Çin lideri Si Cinpin arasında qarşılıqlı inam və etimada əsaslanan yüksəksəviyyəli dostluq münasibətləri yaranıb.

Xatırlatmaq lazımdır ki, 2019-cu ilin aprelində Si Cinpinin dəvəti ilə Prezident İlham Əliyev İkinci "Kəmər və Yol Forumu"nda iştirak edib, 15 sentyabr 2022-ci ildə isə Səmərqənd şəhərində ŞƏT Sammiti çərçivəsində iki ölkənin dövlət başçıları arasında görüş keçirilib.

Astanada keçirilən ŞƏT-in növbəti zirvə toplantısı Azərbaycan Çin münasibətləri baxımından xüsusi əlamətdar oldu. Belə ki, sammit çərçivəsində Prezident İlham Əliyevin Çin lideri Si Cinpin ilə görüşü ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi və əməkdaşlığın yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsi ilə yadda qaldı.

Dövlət başçılarının görüşü zamanı iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair qəbul edilmiş birgə Bəyannamənin Azərbaycan-Çin münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdiyi şübhəsizdir.

Tərəflər arasında iqtisadi münasibətlər ildən-ilə inkişaf edir. Qeyd etmək lazımdır ki, Çin Azərbaycanın ilk idxal mənbəyidir və Azərbaycanın beş əsas ticarət tərəfdaşından biridir. Belə ki, 2023-cü ildə Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 3,1 milyard ABŞ dolları təşkil edib.

Çin şirkətlərinin Azərbaycana olan marağının artım tendensiyası var. Azərbaycanda 300-dən çox Çin şirkəti qeydiyyata alınıb və onlar sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində aktiv fəaliyyət göstərirlər. Çindən Azərbaycana 930,8 mln. dollar, Azərbaycandan Çinə 263,3 mln. dollar həcmində investisiya qoyulub.

Çinin irəli sürdüyü "Kəmər və Yol" təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri Azərbaycan olub və Çinlə nəqliyyat–logistikaya dair qlobal təşəbbüslər müstəvisində sıx əməkdaşlıq qurub. Ölkəmiz bu istiqamətdə ciddi praktiki layihələr həyata keçirib və "Kəmər və Yol" layihəsinin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırıb.

Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi - Orta Dəhliz Çindən Avropaya və geriyə yüklərin çatdırılması üçün ən səmərəli və təhlükəsiz marşrutdur. 2023-cü ilin 9 ayı ərzində Orta Dəhliz üzərindən yükdaşımaların həcmi 88% artaraq 2 milyon tona çatıb. 2022-ci ildə Azərbaycan üzərindən tranzit axını təxminən 75% artıb. Zəngəzur dəhlizinin açılmasından sonra bu tranzit həcminin ildə 5-8 milyon ton artması gözlənilir.

Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə Çindən Türkiyəyə yük daşımalarının müddəti 1 aydan 12 günə qədər azalıb. Çindən göndərilən bu yüklərin Türkiyə vasitəsilə Qərbi Avropa ölkələrinə çatdırılması isə ümumilikdə cəmi 18 günə baş verir.

Bundan başqa Çin ilə enerji keçidi, bərpa olunan enerji sahəsində əməkdaşlıq uğurla inkişaf etdirilir. Ölkədə elektrik mühərrikli avtobusların istehsalı sahəsində Çinin "BYD Company Limited" (BYD) şirkəti ilə əməkdaşlığa başlanılıb. 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək COP29 tədbiri çərçivəsində BYD şirkətinin 160 ədəd elektrik mühərrikli avtobusunun və 100 ədəd elektrik enerji doldurucusunun ölkəmizə gətirilməsi ilə bağlı sifariş verilib. Avtobusların yerli istehsalına isə 2025-ci ildə başlanılması planlaşdırılır.

Siyasi mövzularda Azərbaycanla Çin arasında qarşılıqlı anlaşma var. "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə"də qeyd olunub ki, tərəflər strateji tərəfdaşlığını qarşılıqlı hörmət, bərabərlik, etimad və qarşılıqlı dəstəyə əsaslanır, Azərbaycanla Çinin xarici amillərdən asılı olmayaraq bir-birini etibarlı tərəfdaş hesab edir.

İki ölkə arasında münasibətlər ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət, daxili işlərə qarışmama prinsiplərinə əsaslanır.

Separatçılıqdan uzun illər əziyyət çəkən Azərbaycan "Vahid Çin" prinsipini qətiyyətlə dəstəklədiyini və Tayvanı Çinin ayrılmaz hissəsi kimi qəbul etdiyini bəyan edib.

Tərəflər BMT himayəsi altında beynəlxalq sistemi dəstəkləmək, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə söykənən beynəlxalq münasibətlərin əsas normalarına riayət etmək, hegemonluğa və güc siyasətinə qarşı çıxmaq, real çoxtərəfliliyə sadiq olduqlarını bəyan ediblər.

Sənəddə vurğulanıb ki, tərəflər arasında strateji tərəfdaşlıq qarşılıqlı hörmət, bərabərlik, etimad və qarşılıqlı dəstəyə əsaslanır, Azərbaycanla Çin xarici amillərdən asılı olmayaraq bir-birini etibarlı tərəfdaş hesab edir.

Humanitar sahədə də iki ölkə arasında sıx əməkdaşlıq var. Heydər Əliyev Fondu iki ölkə arasında mədəni və humanitar mübadilənin əsas hərəkətverici qüvvəsi hesab edilir. Fond "Çinin Xarici Ölkələrlə Dostluq üzrə Xalq Cəmiyyəti" ilə birlikdə uğurla müxtəlif layihələr həyata keçirir. 2023-cü ilin aprel ayında Pekin şəhərində Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın "Yalnız bir dəfə yaşayırsan" poeziya kitabının Çin dilinə tərcümə olunmuş təqdimatı keçirilib. Çin Xarici Dillər Nəşriyyatı Administrasiyası tərəfindən nəşr Çin və Azərbaycan arasında mədəni və humanitar sahələrdə əməkdaşlığın gözəl nümunəsi kimi qiymətləndirilib.

Prezident İlham Əliyevin Çin lideri Si Cinpin ilə görüşünün nəticəsi olaraq, ölkələr arasında əməkdaşlıq bütün sahələrdə daha da dərinləşəcək, qarşılıqlı təmaslar və dialoq daha da intensivləşəcək, ikitərəfli münasibətlər yeni məzmun və keyfiyyət qazanacaq.

"Report" İnformasiya Agentliyi

0.094509840011597