"Azərbaycan Çin ilə bağlanan birgə Bəyannaməni xüsusi qeyd etmək lazımdır"

Prezidentliyə keçmiş namizəd, Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev ötən prezident seçkilərində namizədlər üçün təşkil edilən debatda Azərbaycanın BRİCS və Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmasının əhəmiyyətinə diqqət çəkmişdir. Şanxay Əməkdaşlıq Təşkilatının sədri statusunda Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-in Zirvə toplantısında iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Astanaya səfərə gedib.

Prezident İlham Əliyev ŞƏT-ə üzv olan ölkələrin rəhbərləri ilə Zirvə toplantısı çərçivəsində ikitərəfli görüşlərə başlayıb.

Azərbaycana bu təşkilatlara üzv olmaq və bu, xalqımıza siyasi və iqtisadi baxımdan nə qazandıracaq?

Fuad Əliyevin sözlərinə görə, Azərbaycan BRİCS və ŞƏT-a üzv olsa, iqtisadi baxımdan yeni imkanlar yaradacaq:

“Prezident İlham Əliyev Astanada çoxsaylı iki tərəfli görüşlər keçirib. Keçirilən bütün bu görüşlər Azərbaycan üçün çox əhəmiyyətlidir. Və  Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında bağlanan birgə Bəyannaməni xüsusi qeyd etmək lazımdır. Yeri gəlmişkən, Çin tərəfi Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində əməkdaşlığı gücləndirmək səylərini alqışlayır, ŞƏT-də Azərbaycanın hüquqi statusunun yüksəldilməsini dəstəkləyir. Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edir və Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayır. Bu imzalanan Bəyannamədə qeyd olunub. Çin BMT Təhlükəsizlik Şurasının beş daimi üzvlərindən biridir. Çin Rusiya ilə birgə BRİCS və ŞƏT-də aparıcı ölkədir. Ona görə də, bağlanan Bəyannamə və gələcəkdə Azərbaycan BRİCS və ŞƏT-ə üzv olsa, iqtisadi baxımdan yeni imkanlar yaradacaq”.

Fuad Əliyev qeyd edib ki, Ukraynada müharibə qütbləşməni sürətləndirib:

“Ukraynada müharibə dolayısı ilə, bir tərəfdən G7, digər tərəfdən BRİCS, ŞƏT qarşıdurmasına gətirib çıxarıb. BRİCS və Şanxay Əməkdaşlıq Təşkilatı beynəlxalq qütbləşmədə xüsusi rol oynayan qurumlardır. Azərbaycan bu qurumlara üzv olan dövlətlər ilə ikitərəfli münasibətlərə malikdir. Nəzərə alsaq ki, Qərb Azərbaycana garşı ikili standart siyasət aparır, bu qurumlara tam hüquqlu üzv olmasaq da, ikitərəfli münasibətlər bizi iqtisadi sanksiyalardan qoruyur. Beynəlxalq Valyuta Fondunun 2024-cü ilə olan məlumatına görə, dünya əhalisinin təqribən 45 faizi bu qrupa üzv ölkələrdə cəmləşib. Dünya ÜDM-nin 28,7 faizi, beynəlxalq ticarətin təxminən 20 faizi bu qrupun payına düşür. Həmçinin BRICS ölkələrində maliyyə resursları təxminən 25 trilyonu keçir. Niyə Azərbaycan belə bir qurumlarda təmsil olunmasın? Hesab edirəm ki, mütləq üzv olmalıdır”.

0.097261905670166