"Üç yaşımda çıxdığım Laçına üç yaşında oğlumla qayıdıram".
Bunu Xeber-ps.com-a açıqlamasında bu gün Laçın şəhərinə köç edən keçmiş məcburi köçkün Möhübbət Valeh oğlu Süleymanov deyib.
O qeyd edib ki, ailəsi hər zaman ona Laçın barədə danışıb:
"Mənim Laçından çıxarkən üç yaşım vardı. İşğal mənim Laçınlı həyatımı dondurdu. Üç yaşından məcburi köçkün həyatı yaşadım. Abşeron rayonu Pirəkəşkül kəndində, hərbi şəhərcikdə çətin həyat yaşamışıq.
Bu gün isə doğma yurduma qayıdıram. Yaşım az olduğu üçün xatırlamıram, amma ailəm mənə Laçınla bağlı o qədər danışıb ki, sanki illərlə orada yaşamışam. Hər qarışı mənə doğmadır. İtirdiyimiz 32 ili bundan sonra bərpa edəcəyik, qurub-yaradacağıq.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Qeyd edək ki, bu gün növbəti köç karvanı Laçın şəhərinə yola salınır. Bu mərhələdə daha 21 ailə (65 nəfər) öz doğma yurduna köçürülür.
Xatırladaq ki, indiyədək Laçın şəhərində 534 ailənin (1 971 nəfərin) daimi məskunlaşması təmin edilib.
Aytac Qasımova