Bakıda Tərtərdə əmisini qətlə yetirməkdə təqsirləndirilən Cavad Kərimov və Zamin Abbaszadənin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırladaq ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Kərimov 17 il, Z.Abbaszadə isə 17 il 6 ay azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Qeyd edək ki, 2021-ci il oktyabrın 2-də saat 2 radələrində Tərtər rayonunun Sarov kəndində kənd sakini Ziyaməddin Kərimovun qətlə yetirilməsi barədə DİN-in "102" Zəng Mərkəzi Xidmətinə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə Sarov kənd sakini C.Kərimovun və dostu, Kəngərli kənd sakini Z.Abbaszadənin qisas və tamah məqsədi ilə Z.Kərimovu bıçaqla qətlə yetirmələri müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinənlər – Z.Abbaszadə və C.Kərimov saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.