Abşeron sakinlərinin su problemi ilə bağlı RƏSMİ AÇIQLAMA

Abşeron rayonu, Nübar qəsəbəsinin sakinləri su problemindən əziyyət çəkdiklərini iddia edirlər.

Sakinlər Xeber-ps.com-ın redaksiyasına şikayət ünvanlayıblar.

Şikayətçilər yay-qış su problemi ilə üz-üzə qaldıqlarını bildiriblər:

"Yaşadığımız ərazidə su problemi var. Belə bir problem ilə qarşılaşdığımız üçün şollar xəttinə yaxın olanlar qanunsuz şəkildə özləri beton borunu deşərək su çəkiblər. Beton borunu deşib hərə bir nasos qoyub. 21-ci əsrdə bu şəkildə su çəkilməsi düzgün deyil. Dəfələrlə şikayət ünvanlamışıq. Müraciətimizə baxan yoxdur".

Məsələ ilə bağlı "Azərsu" ASC-yə sorğu ünvanladıq.

"Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Xeber-ps.com-ın sorğusuna cavab olaraq bildirib ki, Bakıətrafı ərazilərin bir qismində ümumiyyətlə su xəttləri yoxdur:

"Vətəndaşlar bəziləri su alır, bəziləri də primitiv şəbəkələrlə fərdi şəkildə su xətti çəkirlər.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən belə xətlər heç vaxt çəkilmir. Bu xətlər vətəndaşlar tərəfindən fərdi, primitiv qaydada çəkilmiş, tikinti norma və qaydalarına cavab verməyən xətlərdir. Vətəndaşlar bu xətləri ev tikən zaman çəkiblər. Suyu yüksəyə çıxarmaq üçün nasos quraşdırıblar. Hər bir xətdə bir nasos var. Biz də su itkisi olmasın deyə sayğac quraşdırmışıq. Vətəndaş işlətdiyi suyun dəyərini ödəyir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyin çəkdiyi xətlər yerin altı ilə çəkilib. Standartlara uyğundur və divara sayğac quraşdırılıb".

A.Cəbrayıllı əlavə edib ki, Abşeron yarımadasında gələcəkdə mərkəzləşmiş şəbəkə quraşdırılacaq:

"Bu xətlər ləğv olunacaq. Şollar bir xətt çəkiləcək. Küçələrdə bölüşdürüb, evlərə veriləcək. Yüzlərlə xətt olmayacaq".

Nəzrin Vahid

0.097921133041382