"Bu gün çox sevinirəm - həm doğma yurduma qayıdıram, həm də məcburi köçkünlük həyatımın son saatlarını yaşayıram. Ən çox da ona görə sevinirəm ki, daha heç kim mənə məcburi köçkün deməyəcək, deyə bilməyəcək".
Bunu Xeber-ps.com-a açıqlamasında bu gün Laçın şəhərinə köç edən keçmiş məcburi köçkün Əyyub Şükür oğlu Əzizov deyib.
O qeyd edib ki, Laçına çatan kimi yaxınlarının məzarlarını ziyarət edəcək:
"Sumqayıtda əşya bazarının yaxınlığındakı yataqxanada 30 illik köçkünlük həyatı yaşamışıq. Bu gün isə öz yurdumuza qayıdırıq. Laçından çıxanda 20-yə yaxın ailə idik. Beş qardaşım var, onlardan dördünü itirmişəm. Qardaşımın iki balasını şəhid vermişəm.
Laçında bizim üçün hər cür şərait yaradılıb. Evlərimiz də çox yüksək səviyyədə tikilib.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Qeyd edək ki, bu gün növbəti köç karvanı Laçın şəhərinə yola salınır. Bu mərhələdə daha 20 ailə (68 nəfər) öz doğma yurduna köçürülür.
Xatırladaq ki, indiyədək Laçın şəhərində 513 ailənin (1 906 nəfərin) daimi məskunlaşması təmin edilib.
Aytac Qasımova