"The Guardian": Yeni Kaledoniyada iğtişaşlar Makronun siyasi səhvlərinin nəticəsidir

Yeni Kaledoniyanı bürüyən iğtişaşlar Fransa prezidenti Emmanuel Makronun xaricdəki ərazilərin öz müqəddəratını təyinetmə prosesini pozmağa yönəlmiş qeyri-bərabər siyasi manevrlərinin nəticəsidir.

Bu barədə Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) liderlərindən biri Cimmi Naunanın Böyük Britaniyanın "The Guardian" qəzetində dərc edilən məqaləsində deyilir.

Müəllifin fikrincə, adada baş verən iğtişaşlara görə birbaşa Fransa hakimiyyəti məsuliyyət daşıyır.

"Parisdə Fransa Milli Assambleyasında müzakirəyə çıxarılan seçki islahatları ilə bağlı qanun layihəsi iki həftə əvvəl Numeanın paytaxtında iğtişaşlara səbəb olub", - deyə Nauna yazıb.

Onun sözlərinə görə, FLNKS hərəkatı və onun müttəfiqləri seçki islahatı ilə bağlı qanun layihəsi aprel ayında Makron hökuməti tərəfindən Senata təqdim edildikdən sonra etiraza qalxıblar.

Hökumət adanın yerli sakinlərinin narazılığını və iğtişaşlara səbəb olacağını nəzərə almadan qanun layihəsini irəli aparmaqdadır.

C.Nauna Makronun adaya son səfərini də şərh edib:

"Bu, onun şəxsi siyasi mənfəəti üçün piar idi. Hətta öz partiyası daxilində də Makron dəstəyi itirib və onun Yeni Kaledoniyadakı vəziyyəti idarə etməsi milli miqyasda siyasi qruplar tərəfindən mübahisəli qiymətləndirilir".

Məqaləyə görə, Makron Parisə qayıdarkən deyib ki, o, seçki islahatını ümumxalq səsverməsinə təqdim etməyi düşünür.

FLNKS öz növbəsində, gərginliyi azaltmaq və yeni siyasi saziş ətrafında danışıqların bərpası üçün seçki islahatları prosesinin dayandırılması və ya ləğv edilməsini, eləcə də yüksək səviyyəli müstəqil missiyanın adaya göndərilməsini tələb edib.

0.086541175842285