Zəngilan təsadüfi seçilməyib: "Təəssüf ki, indiyədək ciddi beynəlxalq təklif almamışıq"

"Azərbaycan dünyada ən çox minalarla çirklənmiş əraziləri olan ölkədir".

Bunu Xeber-ps.com-a açıqlamasında 3-cü Beynəlxalq Humanitar Minatəmizləmə konfransını şərh edən Milli Məclisin deputatı Azər Badamov deyib.

O qeyd edib ki, 30 il ərzində düşmən torpaqlarımızda milyonlarla mina basdırıb:

"44 günlük Vətən müharibəsindən sonra da 2023-cü ilə qədər ərazilərimizdə milyonlarla mina basdırılıb. İşğaldan azad etdiyimiz ərazilərin sahəsinin 10 min kv.km-dən çox olduğunu nəzərə alsaq, minalardan təmizləmə işlərinin aparılması üçün nə qədər çox vəsait və zamana ehtiyac olduğunu təsəvvür etmək çətin deyil.

Birinci Qarabağ müharibəsindən bu günə qədər 3 400 vətəndaşımız minadan əziyyət çəkib. Son 3,5 ildə isə 361 insan mina qurbanı olub. Onlardan 61 nəfər həlak olub. Ermənilər hətta müharibənin başa çatdığı 2020-23-cü illərdə 500 km uzunluğunda bir əraziyə yenidən mina basdırıblar.

Beynəlxalq konvensiyalara görə, müharibə başa çatanda minalayan tərəf qarşı tərəfə ərazilərin xəritəsini verməlidir. Amma Ermənistanın minaladığı ərazilərin dəqiq xəritələrini verməməsi işimizi çətinləşdirir və insanların minaların yeni qurbanına çevrilmək riskini artırır".

Deputat bildirib ki, Zəngilanda keçirilən beynəlxalq konfrans ərazilərimizin minalardan təmizlənmə işinin, ermənilərin yaratdığı ekoloji problemlərin dünya ictimaiyyətinə çatdırılması baxımından çox əhəmiyyətlidir:

"Minalardan təmizlənmə işləri müvafiq qurum tərəfindən aparılır. Bu günə qədər 140 min hektar sahənin minalardan təmizlənməsi ilə bağlı məlumat verilir. Amma görülməli işin miqyası çox böyükdür. Böyük maliyyə tələb olunur. Həm də minatəmizləmə prosesinin effektiv aparılması üçün siyasi iradə, müasir avadanlıqlar və kollektiv yanaşma vacibdir. Minadan təmizlənmə prosesində beynəlxalq təşkilatlar dəstək göstərməlidirlər. Amma təəssüf ki, hələ də bununla bağlı ciddi beynəlxalq təklif almamışıq.

Ərazilərimizin minalarla çirklənməsi işğaldan azad olunmuş ərazilərin yenidən qurulub, bərpa olunması prosesini və həmin ərazilərin yenidən dövriyyəyə qaytarılması işini çətinləşdirir. Belə ki, tikinti işinə başlanması üçün həmin ərazinin hər qarışını axtarmalı və təhlükəsizlik təmin olunmalıdır.

Xüsusilə, İkinci Qarabağ müharibəsindən sonra separatçıların nəzarətində qalmış ərazilərdə Ermənistandan yenidən gətirilmiş minalar basdırılmışdı. Bu gün ərazilərimizdə qalan minaların sayı milyonlarla ölçülür. Bu, həm də öz doğma yurdlarına qayıdan insanlar üçün də potensial təhlükə mənbəyi olaraq qalmaqdadır".

"İşğaldan azad olunmuş ərazilərimiz, əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlardır. Amma bu torpaqların geniş şəkildə dövriyyəyə qaytarılmasında da mina təhlükəsi problemi çətinlik yaradır. Bu baxımdan, dünya birliyi həm Ermənistana minalanmış ərazilərin dəqiq xəritələrin verilməsi üçün təzyiq etməli, həm də bu işi qısa zaman kəsiyində yekunlaşdırmağımız üçün maliyyə və fiziki dəstəyini göstərməlidir.

Bu konfransın məhz Zəngilanda keçirilməsinin də xüsusi əhəmiyyəti var. Çünki konfransda iştirak edən beynəlxalq nümayəndələr minalanmış ərazilərin canlı şahidi olurlar. Həm də işğaldan azad olunmuş ərazilərdə keçirdiyimiz yenidənqurma və bərpa işlərini görürlər. Bu da beynəlxalq ictimaiyyətə məqsəd və baxışlarımızı daha düzgün çatdırmağımıza imkan yaradır", - deyə A.Badamov fikrini tamamlayıb.

Nəzrin Vahid

0.11908888816833