DİM, yoxsa Elm və Təhsil Nazirliyi - Kim daha güclüdür?

Kubra Məhərrəmova yazır...
Bu gün may ayının 30-dur. Məktəblilər hələ iyun ayının 14-nə kimi məktəbə getməlidirlər. Amma gedirlərmi?

Niyə sual? Çünki, ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının bir qismi (I və IV ixtisas qrupları üzrə iyunun 2-də keçiriləcək) keçirilib, buraxılış imtahanları verilib, hətta əksər məktəblərdə dərsliklər şagirdlərdən yığılıb, təhvil alınıb.
Qısa məlumat verim ki, tədris ilinin başlama və bitmə vaxtı Nazirlər Kabinetinin (NK) qərarı ilə tənzimlənir. Belə ki, NK-nın 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, 2015-ci ildən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Bu qərarla dərs ili ərzində tədris həftələrinin sayı artırılaraq orta hesabla 32,8-dən 34,8 həftəyə çatdırılıb. Buna qədər isə orta məktəblərdə dərslər sentyabrın 15-də başlayıb mayın 31-də bitirdi.
Bizim vaxtımızda isə sentyabrın 1-i tədris ili başlayıb, 25 mayda bitirdi.
Nə isə, mövzu bu deyil.
Mövzu odur ki, tədris ilinin daha da uzadılması müzakirə mövzusudur. Əgər tədris ili daha bir müddət uzadılarsa, ümumiyyətlə dərsə, məktəbə gedən olacaqmı? Mütləq haşiyə də çıxmalıyam ki, onsuz da məktəblərdə təhsil alan əksər şagirdlər hazırlıqlara gedirlər.
Təhsil üzrə ekspertlər şagirdlərin məktəbdən və tədris prosesindən soyumaları təkcə isti yay günlərdən deyil, həm də buraxılış və qəbul imtahanlarının tədris ilinin bitməsinə xeyli qalmış Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilməsi ilə də əlaqələndirirlər.
Həqiqətən də, məntiqli alınmır. Əgər mən bir abituriyent kimi buraxılış imtahanını verib, qəbul imtahanında da iştirak etmişəmsə, məktəbə getməyimin nə mənası var?
DİM bu halda bildirir ki, onların hazırladığı suallar ancaq tədris ilinin müvafiq dövrünə qədər məktəblərdə tədris olunan proqrama əsasən tərtib olunur. Yəni, əgər buraxılış imtahanı mart ayında keçirilirsə, o zaman mart ayına qədər tədrisdə hansı materiallar keçirilibsə, ora qədər də imtahan olunacaq uşaqlar.
Amma məktəbə yenə də getmək lazımdır ki, martdan sonra tədris proqramında nəzərdə tutulan digər materiallar da mənimsənilsin.
Burada yenə sual yaranır, niyə DİM tədris proqramı tam tədris edildikdən sonra imtahanları keçirmir? Niyə tədris ili iyunun 14-ü bitəcəyi halda, mart ayında imtahanlar keçirilir?
Daha da absurd məsələ qəbul imtahanlarını verən abituriyentlər üçün yaranır. Yeri gəlmişkən abituriyent sözünün mənası latın dilindən getməyə hazırlaşan deməkdir. Məktəbdən getməyə hazırlaşan gənclər niyə imtahan verəndən sonra iyunun 14-nə kimi məktəbə getməlidirlər?
Elə abituriyentlərin dediyinə görə onlar da bu işdə bir məna görmürlər. Amma və lakin məktəbə getməsələr yazılmamış qaydalara görə bu onların attestat ballarında özünü göstərəcək, təbii ki, mənfi cəhətdən.

Açığı bu halda məktəbi də qınamalı deyil. Nazirlər Kabinetinin qərarına görə məktəblilər məktəbə getməli və tədris ilinin sonuna qədər dərs keçməlidirlər.
Məktəblər də şagirdlərin davamiyyətini təmin etməlidir.
İndi daha böyük sual yaranır. Madam ki, Nazirlər Kabineti bu qərarın icrası üçün bu qədər qərarlıdır, o zaman niyə məktəblərdə müvafiq şərait təmin olunmur?
Kondisioner və havalandırma sistemi olmayan, müsbət 30-35 dərəcə istidə bir otaqda 40 nəfər uşağın istidən çərlədilməsi də iş deyil axı? Uşaqlar məktəbə xidmət çəkməyə gəlir, yoxsa təhsil almağa? Hələ ikinci növbədə təhsil alanları demirik. Günorta istilərində qaynar sinif otağında dərs oxu görüm, necə oxuyursan?
Məktəb sanki getdikcə uşaqlar üçün işgəncə yerinə çevrilir. Elə müəllimlər üçün də.
Əgər Nazirlər Kabineti düşünürsə tədris ilinin uzadılaması ilə təhsildə uğur qazanacağıq, inanın ki, bu əsla belə deyil.
Təhsilin keyfiyyətini qaldırmaq üçün tamam başqa şərtlər tələb olunur. Bunlardan biri, ən vacibi düzgün kadrların məktəbə cəlb olunmasıdır.
Əsl müəllim və pedaqoq olmaq istəyənlərin cəlbindən gedir söhbət. Burada məsələyə yenə əlahəzrət DİM qarışır. Çünki DİM-in keçirdiyi imtahanlar nəticəsində cəmi 5% öz istədiyi ixtisasa düşə bilir. Digərləri sırf təsadüf üzündən digər ixtisaslara yiyələnirlər.
Məsələn hüquqa verən abituriyent tarixə, tibbə getmək istəyən kimya-biologiyaya düşür və sonda olur müəllim. Fənn üzrə göstəriciləri mükəmməl olan bu kəslər həqiqətənmi müəllim kimi çalışmaq istəyir, yoxsa çıxılmaz vəziyyətdə olduqları üçün məktəbə çalışmağa gedirlər?
Bəli, nə qədər bir-birindən uzaq səslənsə də, yekunda bu şəxslər hamısı məktəbdə üz-üzə gəlirlər. Yenə də bütün işlər tərs düşür.

Müəllim olmaq istəməyən adam məktəbdə müəllim işləməli olur. İmtahanları verib-bitirən abituriyent məktəbə getməli olur. Lap balacalar da hər gün min-bir bəhanə gətirərək məktəbə getmək istəmədiklərini deyirlər.
Adama elə gəlir ki, sanki DİM və Elm və Təhsil Nazirliyi güclərini bir-birinə göstərməklə məşğuldurlar. Fəqət, ayaq altında balaca fidanlar əzilirlər.
Son dövrlər bizi kədərləndirən ən acınacaqlı məqam odur ki, nə böyüyü, nə də balacası məktəbə getmək istəmir. Həvəs yoxdur uşaqlarda...
Problem isə qazdıqca qazılır, amma dibə gedib çatmaq olmur.
Nə isə, Allah hamıya səbir versin, həm müəllimlərə, həm şagirdlərə, həm də bu istidə balacaları məktəbə aparan valideynlərə.

0.11375880241394