Xocalıya ilk qayıdan sakin: "Dörd nəfərlə çıxmışdıq, on nəfərlə geri dönmüşük"

"Xocalıdan 4 nəfərlik ailə üzvü ilə çıxmışdıq, indi, çox şükür, 10 nəfərlə geri dönmüşük. Bu, həm də o deməkdir ki, düşmən Xocalıda bizi nə qədər məhv etmiş olsa da, biz daha da böyüyür və çoxalırıq".

Bunu "Report"un Qarabağ bürosuna Xocalıya ilk köçən sakinlərdən olan Zülfü Muradov deyib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi zamanı bütün Azərbaycan xalqı tarixi anlara şahidlik edib.

"Torpaqlarımız işğaldan azad olunduqca Allaha dua edirdim ki, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığımı üz-üzə deməyi mənə nəsib etsin. Çox şükür ki, bu arzuma çatdım. Ölkə rəhbərinə təşəkkürümü məhz Xocalıda, öz evimdə bildirdim. Mənim üçün bundan gözəl nə ola bilər?! Mən cənab Prezidentlə görüşəndə bir daha şahidi oldum ki, o necə sadə bir insandır, vətəndaşla necə xoş və səmimi ünsiyyət yaradır! Ölkə başçısı ilə söhbət etdikcə adam sadəcə fərəh və qürur hissi yaşayır. Bu günlərin şahidi olduğum üçün özümü çox şanslı və xoşbəxt hiss edirəm", - Xocalı sakini qeyd edib.

Zülfü Muradov və ailəsi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin təcavüzü nəticəsində Xocalını məcburi şəkildə tərk edib.

"Məcburi köçkün düşdüyümüz gündən Naftalan, daha sonra isə başqa-başqa bölgələrdə məskunlaşmalı olduq. Artıq 32 ildən də bir qədər çox vaxt keçib. Bu gün mənim həyatımın ən xoşbəxt günüdür. 32 ildən sonra öz evimdəyəm. Bu, mənim 1986-cı ildə tikdirdiyim evdir. Gənclik yaşlarımda tikib, ancaq içərisində doyunca yata bilmədiyim, acı göz yaşları ilə tərk etməyə məcbur olduğum evimdə indi rahat yaşayıram", - deyə o vurğulayıb.

0.10255694389343