Şuşa sakini: "Çox sevinirik ki, artıq bizə məcburi köçkün deyilməyəcək"

"Ömrümüzün ən gözəl çağları Şuşada keçib".

Bunu Xeber-ps.com-a açıqlamasında bu gün Şuşa şəhərinə köç edən keçmiş məcburi köçkün Əli Kərimov deyib.

O qeyd edib ki, bu gün Şuşaya qayıdan həmyerlilərinin yurd həsrəti sona çatır:

"Bu illər ərzində Masazırda yerləşən Qurtuluş qəsəbəsində köçkünlük həyatı yaşamışıq. Həyatın amansız sınaqları ilə üz-üzə qalsaq da, ümidimizi, inamımızı heç vaxt itirməmişik. Çox sevinirik ki, artıq bizə məcburi köçkün deyilməyəcək. Biz Şuşanın sahibləriyik, bundan sonra öz doğma yurdumuzda əmin-amanlıq içərisində yaşayacağıq.

Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"

Qeyd edək ki, bu gün növbəti köç karvanı Şuşa şəhərinə yola salınır. Bu mərhələdə daha 15 ailə (57 nəfər) öz doğma yurduna köçürülür.

Xatırladaq ki, indiyədək Şuşa şəhərində 105 ailənin (406 nəfərin) daimi məskunlaşması təmin edilib.

Aytac Qasımova

0.10053706169128