“Kollektiv Qərb qəbul etməlidir ki, Rusiyanı məğlub etmək mümkün olmadı. Bolqarıstan prezidenti də bu günlərdə vurğuladı ki, Rusiyaya qalib gəlmək mümkün deyil. Üçüncü ildir ki, müharibə gedir və Rusiyanın resursları tükənmir, hələ də canlı qüvvə və hərbi texnika, artilleriya, mərmi sayı baxımdan Ukraynadan üstündür. Bunu Kiyev də etiraf edir. Onu da qəbul etməlidirlər ki, Rusiyanın özünə birləşdirdiyi 4 regionu da geri qaytarmaq yaxın dövrdə real deyil. O zaman nəyi gözləyirlər? Atəşkəsə getmədikcə Ukraynanın fəlakətlərinin miqyası genişlənəcək”.
Bu fikirləri siyasi ekspert Fuad Əliyev Tribunainfo.az-a söyləyib. Onun sözlərinə görə, sanksiyalar da Rusiyanın dizini yerə gətirmədi:
“Təbii ki, təzyiqlərin öz təsiri var. Bütün Qərb Rusiyanı sıxır, Avropa İttifaqı 12 sanksiya paketi tətbiq edib, milyardlarla maliyyə və hərbi yardım olunub, lakin yenə də Rusiya onların gözlədiyi vəziyyətə düşməyib. Ona görə də iyunda İsveçrədə keçiriləcək Ukrayna üçün sülh konfransında yalnız atəşkəs haqda düşünməlidirlər”.
Ekspert hesab edir ki, status-kvo qəbul edilməlidir, əks halda Ukrayna daha böyük əraziləri itirə bilər.