Yaşar Əliyev Fransanın destruktiv hərəkətləri ilə bağlı BMT baş katibinə məktub ünvanlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Yaşar Əliyev Fransanın Cənubi Qafqazdakı vəziyyətlə bağlı yalan bəyanatları ilə bağlı qurumun baş katibi Antonio Quterreşə məktub göndərib.

Məktubda qeyd olunub ki, Fransa nümayəndəyə heyəti BMT Təhlükəsizlik Şurasının 19 aprel 2024-cü il tarixli iclasında Azərbaycan və Ermənistan arasındakı münasibətlərlə bağlı əsassız və yanlış fikirlər səsləndirib.

“Maraqlıdır ki, bu şərhlər məhz Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası məsələsində nəzərəçarpacaq irəliləyiş əldə etdiyi günə təsadüf edib”, - deyə məktubda vurğulanıb.

Y.Əliyev bildirib ki, baş katib Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə Dövlət Komissiyaları arasında aprelin 19-da əldə edilmiş razılaşmaları alqışlayıb və qalan sahələr üzrə işlərin davam etdirilməsinə və münasibətlərin tam normallaşması üçün bütün ikitərəfli məsələlərin həllinə çağırıb.

“Fransa Cənubi Qafqazdakı vəziyyət və proseslərlə bağlı beynəlxalq ictimaiyyəti çaşdırmamalı, regionda sabitliyi pozan fəaliyyətə son qoymalı, Azərbaycanın daxili işlərinə qarışmaqdan çəkinməlidir. Azərbaycan müharibənin fəsadlarının aradan qaldırılması, münaqişələrin qarşısının alınmasını təşviq etmək, konkret nəticələrə yönəlmiş normallaşma prosesinin təşviqi və regionda davamlı sülhün bərqərar olması istiqamətində səylərini davam etdirməyə sadiqdir və qətiyyətlidir”, - deyə Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin məktubunda qeyd edilib.

0.095528841018677