Türkiyə Super Liqasının 36-cı turunda “Fənərbağça” “Kayserispor”la doğma meydanda, “Qalatasaray” isə “Fatih Karagümrük”lə səfərdə qarşılaşıb.
Xeber-ps.com xəbər verir ki, rəqibindən altı xal geridə olan “Fənərbağça” gözlənildiyi kimi görüşə sürətli hücumlarla başlayıb. 18-ci dəqiqədə Miçi Batşuayi hesabı açıb - 1:0.
Ardınca 43-cü dəqiqədə Aleksander Dyuk fərqi 2-yə yüksəldib - 2:0.
Fasilədən sonra da üstünlüyü davam etdirən “sarı lacivərtlər” rəqibi yenidən mərkəzə dəvət ediblər. 59-cu dəqiqədə Çağlar Söyüncü Şimanskinin ötürməsini qolla tamamlayıb - 3:0.
Görüş bu hesabla başa çatıb.
“Fatih Karagümrük” “Qalatasaray” görüşündə isə gözlənilənin əksinə hesabı meydan sahibləri açıblar. 34-cü dəqiqədə Ryan Mendes Eyserikin ötürməsini qola çevirib - 1:0.
Amma məğlubiyyətlə barışmayan “Qalatasaray” futbolçuları hesaba tarazlıq gətiriblər. Barış Alper Yılmaz ilk hissənin əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqəsində bərabərlik qolunu vurub - 1:1.
70-ci dəqiqədə səhnəyə çıxan Dris Mertens qonaqları hesabda irəli çıxarıb - 2:1.
Bu hesab “Fatih Karagümrük”ü qane etmirdi. 83-cü dəqiqədə Markao hesaba tarazlıq gətirib - 2:2.
Görüşdə son nöqtəni isə 90-cı dəqiqədə Berkan Kutlu qoyub - 3:2.
Qeyd edək ki, aktivində 99 xalı olan “Qalatasaray” liderliyini davam etdirir.
Ən yaxın izləyicisi “Fənərbağça” ondan altı xal geridə - 2-ci pillədə qərarlaşıb. “Kayserispor” 41 xalla 13-cüdür. “Fatih Karagümrük” isə 37 xalla autsayderdir.