Fuad Əliyev: Bundan sonra yeni formalaşan parlament daha aktiv olacaqdır

Fuad Əliyev: “Seçkilərdə vətəndaş cəmiyyətlərinin təmsilçilərinin də artırılması məqsədəuyğundur”

Ölkə ictimaiyyəti ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərini müzakirə edir. Yeni Parlament necə formalaşacaq və mövcud reallıq nəyi diqtə edir?

Versus.Az xəbər verir ki, Müstəqil Həmkarlar Birliyinin (MHB) sədri, siyasi ekspert Fuad Əliyev parlament seçkilərinin noyabr ayından əvvəl keçiriləcəyini istisna etməyib. Eyni zamanda seçkilərin inidiki reallığa adekvat olduğunu qeyd edib.

F.Əliyev MSK sədrinin artıq parlament, bələdiyyə seçkilərinə başladığını, seçici siyahılarının, digər lazımi tədbirlər görüldüyünü deyib:

“Əgər bu gün parlament seçkilərinə start verilərsə, hazırlıqlar iki ay çəkəcək. Deməli, seçki yay aylarına düşür. Seçkilərin irəli çəkilməsində heç bir problem görmürəm. Bu sırada parlamentin özünün buraxılması da ola bilər, dövlət başçısının qərarı da ola bilər”.

F.Əliyev parlamentin say məsələsi və digər dəyişikliklərin referenduma çıxarılmasının vacibliyini qeyd edib. Bildirib ki, hər bir seçkidə yeni parlamentin formalaşmasını, yeni simaların olmasını, parlametdə yeni simaların daha aktiv formalaşması arzulanır.

Ekspert proporsional seçkinin bərpası ilə bağlı düşüncələr olsa da, bir çox dəyişikliklərin referendumda həll olunduğunu qeyd edib. O, referendum keçirilmədiyinə görə məsələlərin sonrakı mərhələdə həllini mümkün hesab edib:

“Seçkilərdən əvvəl referendumun keçirilməsi gözlənilirdi. Amma mövcud reallıqlar, ölkədə böyük bir beynəlxalq tədbirin vaxtının təyin edilməsi bu məsələni sonrakı mərhələyə saxladı. İndiki reallıqda, yəni beynəlxalq tədbirin keçiriləcəyi mərhələdə seçkilərin keçirilməsi nəzərdə tutulur. Görünür ki, hələ ki, buna ehtiyac yoxdur. Siyasi partiyalarla yanaşı, vətəndaş cəmiyyəti üzvlərinin də təmsilçilərinin artırılması məqsədəuyğun olar”.

F.Əliyevin fikrincə, bu, cəmiyyətə, dövlətə xeyirli olar. Onun sözlərinə görə, istər siyasi partiya üzvlərinin, eləcə də vətəndaş cəmiyyətlərinin parlamentdə sayının artırılması onların aktiv fəaliyyəti ilə bağlı olmalıdır:

“İnsanlar öz seçicisinə inanmalıdır. Ölkədə 3000-dən çox vətəndaş cəmiyyəti, 26 partiya var. Amma ümumilikdə bunların arasında bir neçə aktiv partiya və maksimum 100 vətəndaş cəmiyyəti var ki, özünü göstərir. Deməli, partiyaların say çoxluğu yox, özünün fəaliyyətində aktiv olması daha mühümdür. Bugünkü parlament 10-15 il qabaqkı deyil. İndiki parlamentdə aktivlik var. Tanımadığımız deputatlar mətbuatda, tv-lərdə çıxış edib öz fikirlərini deməyə çalışırlar. Ona görə də hesab dirəm ki, bundan sonra yeni formalaşan parlament daha aktiv olacaqdır”.

F.Əliyev bildirib ki, seçkidə əsas məsələ məntəqə, dairə seçki komissiyalarının formalaşdırılması üçün namizədlərin yetərli sayda üzvlərinin olması deyil, keyfiyyətli işin ortaya qoyulmasıdır. Ekspertin fikrincə, seçkidə iştirak edən namizədlər üçün əsas şərt özünün seçki platformasını təqdim etməsi, seçicini inandırmalı, səsini qazanmasıdır.

0.055531978607178