Dialoq vasitəsilə qlobal təhlükəsizliyi gücləndirmək fürsətimiz var - RƏY

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dialoq vasitəsilə sülhü təşviq etmək, qlobal təhlükəsizliyi gücləndirmək və əməkdaşlığı möhkəmləndirmək fürsətimiz var.

“Report” xəbər verir ki, bu fikirləri Bakıda təşkil olunan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini dəyərləndirən Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə deyib.

Onun sözlərinə görə, 2024-cü ildə dünya daha çox əlaqəli görünsə də, heç vaxt olmadığı qədər parçalanmış vəziyyətdə qalır:

“Ümumilikdə Birinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk dəfə Bakıda 2011-ci ildə keçirildiyini nəzərə alsaq, ötən 13 ildə Azərbaycanın bütün sahələrdə qazandığı uğurların miqyasının olduqca böyük olduğunu təsəvvürümüzdə canlandıra bilərik. Təkcə sonuncu tədbirdən keçən beş ildə cərəyan edən hadisələr Azərbaycanın qlobal gücə çevrildiyini sübut edir. Bu dövrdə Azərbaycan tarixi Zəfərə imza atdı, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Cənab İlham Əliyev Forumdakı çıxışında bu məqamı xüsusi qeyd etdi ki, Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi”.

V.Rəhimzadə əlavə edib ki, Azərbaycanın daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq mühiti mövcud olub:

“Azərbaycan xalqı bunu gündəlik həyatında nümayiş etdirib. Multikulturalizm Azərbaycan vətəndaşları üçün həyat tərzidir. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsi də bu kimi məqamlara aydınlıq gətirir. Mədəniyyətlərarası dialoq Azərbaycanda güclü şəkildə təşviq edilir”.

0.093148946762085