30 apreldə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Əməkdaşlıq və İqtisadi Forumunun 3-cü iclasında iştirak və çıxış edib.
Xeber-ps.com xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Bildirilib ki, Azərbaycanın tarixi və mədəni tellərlə bağlı olduğu Mərkəzi Asiya və Ərəb ölkələri ilə diplomatik və iqtisadi münasibətlərin inkişaf perspektivlərindən bəhs edən Ceyhun Bayramov Forum çərçivəsində aparılan müzakirələrin müxtəlif, o cümlədən enerji təhlükəsizliyi, nəqliyyat, turizm, kənd təsərrüfatı, yüksək texnologiyalar sənayesi üzrə əməkdaşlıqla bağlı konkret yol xəritəsinin formalaşmasına töhfə verdiyini qeyd edib.
Azərbaycanın geniş anlamda regionda güclü iqtisadiyyatların qurulması, habelə qlobal çağırışlarla mübarizə sahəsində birgə fəaliyyətə hər zaman hazır olduğu vurğulanıb.
Azərbaycanın Avrasiya məkanında istər Orta Dəhliz vasitəsilə Mərkəzi Asiyadan keçməklə Avropa və Çin arasında, istərsə də Körfəz ölkələrinə qapı açmaqla Şimal və Cənub arasında strateji yerləşmə mövqeyi, infrastruktur imkanları və biznesyönümlü şəraitinin regional əməkdaşlıq və bağlantıların inkişafı üçün mərkəz kimi diqqət çəkdiyi bildirilib.
Xüsusilə, geniş alternativ enerji potensialına malik olan ölkəmizin bu sahədə sərmayələrin təşviqinə əhəmiyyət verdiyi, bu istiqamətdə artıq Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, habelə Səudiyyə Ərəbistanın “ACWA Power” şirkətləri ilə birgə bərpa olunan enerji layihələrinin reallaşdırılmasının əhəmiyyəti qeyd olunub.
Ölkəmizin alternativ enerji ixracı, habelə Avropanın enerji təhlükəsizliyinə daha bir töhfəsi ola biləcək Qara Dəniz Sualtı Kabel təşəbbüsünün irəlilədilməsindən bəhs edən Ceyhun Bayramov bu layihədə həmçinin digər Xəzər hövzəsi ölkələrinin iştirakı üçün potensialın olduğunu diqqətə çatdırıb.
Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işlərindən bəhs edən Ceyhun Bayramov COP29 sədrliyimiz zamanı ölkəmizin Qoşulmama Hərəkatına rəhbərliyi təcrübəsindən istifadə edərək, müxtəlif inkişaf səviyyələrinə malik “Qlobal Şimal” və “Qlobal Cənub”u bir araya gətirməkdə qərarlı olduğunu bildirib. COP29-un öz növbəsində Mərkəzi Asiya və Ərəb ölkələri ilə alternativ enerji, iqlim yönümlü kənd təsərrüfatı və təbii fəlakət risklərinin öyrənilməsi sahələrində əməkdaşlıq üçün platforma ola biləcəyi diqqətə çatdırılıb.
Ceyhun Bayramov həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bu fəaliyyətə təhdid törədən mina təhlükəsi, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə ətraflı məlumat verib. Ölkəmizin tərəfdarı olduğu ikitərəfli və birbaşa sülh danışıqlarının Cənubi Qafqazda dayanıqlı sülh və sabitliyə hesablandığı, habelə delimitasiya komissiyaları arasında əldə olunmuş son razılıqların da nümayiş etdirdiyi kimi qarşılıqlı şəkildə qəbul oluna bilən nəticələrin əldə edilməsi baxımından ən effektiv və uğurlu xətt kimi özünü doğrultduğu bildirilib.
Yaxın Şərqdə mövcud gərginliyin davam etməsinin dərin narahatlıq mənbəyi olaraq qaldığını diqqətə çatdıran Ceyhun Bayramov “iki dövlət” formulu əsasında münaqişənin ədalətli və dayanıqlı həllinin vacibliyinə inandığımızı, eyni zamanda Fələstin xalqı üçün münaqişənin humanitar nəticələrinin aradan qaldırılmasına töhfə vermək üçün tərəfimizdən davamlı dəstəyin göstərildiyini diqqətə çatdırıb.
Sonda Forumun yekunlarına dair qəbul olunmuş Doha Bəyannaməsində Ərəb Liqası - Azərbaycan və Mərkəzi Asiya formatı qarşılıqlı maraq doğuran məsələlər üzrə mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlığı dəstəkləyən dəyərli platforma kimi qiymətləndirilib, habelə müxtəlif digər formatlardakı səylərin təkrarlanmadan problem və nəticəyönümlü yanaşmanın sərgilənməsinin zəruriliyi qeyd edilib.
Doha Bəyannaməsində, eyni zamanda Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə dəstək, sülh müqaviləsinin tezliklə yekunlaşdırılmasına dair çağırış, habelə Azərbaycanın 4 kəndinin qaytarılmasını nəzərdə tutan delimitasiya razılığının əhəmiyyətinə vurğu öz əksini tapıb.
Birləşmiş Ərəb Əmirliklərinin 2022-2023-cü illər ərzində BMT Təhlükəsizlik Şurasına üzvlüyünün təqdirəlayiq olduğu bildirilib, habelə beynəlxalq təşkilatlar çərçivəsində ümumi maraqlara əsaslanan qarşılıqlı dəstək və əlaqələndirilməyə çağırış olunub.
Ölkəmizin 2024-2026-cı illər ərzində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyinin məmnunluq doğurduğu, habelə AQEM və Ərəb Liqası arasında birgə layihə və tədbirlərin təşkilinə dəstək ifadə olunub.
Doha Bəyannaməsi, eyni zamanda bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda sülh, sabitlik və təhlükəsizliyə hədə törədən mina təhdidindən dərin narahatlıq ifadə edərək, BMT və üzv dövlətləri, habelə digər maraqlı tərəfləri bu təhlükəyə qarşı mübarizədə dəstək göstərməyə dəvət edib.
Ölkəmizin COP29 sədrliyinə seçilməsi məmnunluqla qarşılanıb, COP29 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizədə dəstək ifadə olunub, habelə bu istiqamətdə qlobal həmrəylik səylərinin əldə edilməsində uğurlar arzu olunub.
Doha Bəyannaməsində, həmçinin Azərbaycan və Mərkəzi Asiyanı əlaqələndirən yaşıl enerji dəhlizinin iqlim dəyişikliyi ilə mübarizə, habelə yaşıl texnologiyalara keçid prosesində əhəmiyyətinə vurğu edilib.